“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

FİLİALLAR

Göyəzən dağı

     Rayonun ən əhəmiyyətli və görməli yerlərindən biri də Qazax rayonunun Abbasbəyli kəndində yerləşən Göyəzən dağıdır. Təbiət, həm də arxeoloji dağdır. Deyilənə görə Göyəzən dağının hündürlüyü  700 m.-ə yaxındır.. Nadir təbiət abidəsi və qədim əsrlərə aid olan, tarixi tam bəlli olmayan bu dağ zaman ötdükcə təbii uçqunlara, aşınmalara məruz qalmışdır. Dağın zirvəsinə ancaq şimal-şərq tərəfdən çıxmaq olar. Dağın zirvəsi bir qədər çökək olsa da, dairəvi, nisbətən düzən olub geniş meydançanı xatırladır. Dağın cənub-qərbində, qayalar arasında çıxılması mümkün olmayan yerdə böyük bir mağara vardır. Onun yolu məlum deyildir.

     Göyəzən dağı öz fizioloji görkəminə və morfoloji xüsusiyyətinə, gözəlliyinə görə dünyada eyni tipli məşhur vulkan sütunu olan Mon-Pele dağından (Martinika adasında; Vest-Hind) sonra dünyada 2-ci dağ sayılır.  Bir-birinə həddən çox oxşar olan bu  hər  iki dağ vulkan mənşəli dağdır.

     Qədim zamanlarda da, keçən əsrlərdə də Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir.Həmin tikililərin qalıqları indi də mövcuddur. Dağın üzərində çoxlu tikili qalıqları və su yığmaq üçün qurğular saxlanıb, eyni zamanda ilk orta və orta əsrlərin maddi qalıqlarına da rast gəlmək  olur. Həmçinin dağın bir tərəfinə başdan-başa hasar çəkilmişdir. Hasarla dağın arasında bir çox qədim yaşayış evlərinin xarabalıqları qalmışdır. Burada orta əsrlərə aid yeddibürclü qala divarı və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. Dağın şimalında başqa bir Alban qalası var. Onun divarları və bürcü isə nisbətən yaxşı qalmışdır.

     Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olduğunu da söyləmək olar.

     Bütün bunlarla yanaşı qoruğun ərazilərinin daha dərindən öyrənmək və tədqiq etmək məqsədi ilə qoruğun ərazisinə daxil olan bütün abidələr aktlaşdırılmış, şəkilləri çəkdirilmiş, albomları tərtib olunmuş və bu istiqamətdə kiçik həcmli filmlərin çəkilişi də həyata keçirilir.

FİLİALLAR