“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Yolumuzu gözləyən abidələr…

“Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisinə daxil olan dövlət qeydiyyatına alınmış- Yolumuzu gözləyən abidələrdən biri
Məbəd: İnventar № si 281. Ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qazax rayonunun Əskipara kəndində V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür. Əsas bina – məbəd diqqəti daha çox cəlb edir. Məbəd plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fraqmentləri təsdiq edir ki, o mühüm memarlıq əsəri idi. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır.Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.
Yolumuzu gözləyən abidələr…