“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

QAZAX ŞƏHƏRİ

Qazax – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Qazax şəhəridir.

Tarixi

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar “Kasak” (Kasaq) kimi ərəb tarixcisi əl – Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli “qazax” etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə “Qazaxlı” və ya “Alqazaxlı” deyilən Şıxlinskilər aiddir

Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən “Qazaxlı” tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.

Qədim İnsan Məskəni

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m²-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Adətən xristian məbədləri əvvəlki (bütpərəstlik) məbədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş. Q.Qeybullayev Avey sözündə metateza olduğunu, sözün əslində ‘Avey’ yox, ‘Ayev’ (‘Ay ev’ Ayevdağ) olduğunu əsaslandırmışdır. O, müəyyən edilmişdir ki, ümumən türklərdə Aya sitayiş qədim dövrlərdə geniş yayılmışdır. Qədim türklərdə ‘Ay tənqri’ ifadəsi (‘Ay-allah’) vardır; V.V.Radlov altaylarda “Ay moko” (‘möhkəm Ay’) əfsanəsini qeydə almışdır. Lakin Albaniyada çox müxtəlif tayfalar var idi, Strabon Albaniyada 26 müxtəlif dildə danışıldığını qeyd etmişdir. (8; 21) Ümumi mənzərəni müəyyənləşdirmək üçün, mənbələr aydın məlumat verməsə də, həmin tayfaları, onların dil mənsubiyyətini öyrənmək lazım gəlir.

Coğrafi mövqeyi

Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir. Ərazisi – 701 km²-dir.

Relyefi

Səthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır (dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir). Şimalda Qarayazı çöllüyü və Ceyrançöl düzenliyi yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəylı adlı su anbarları və Candargöl (Ağgöl) adlı göl yerləşir

Təbiəti

Səthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır (dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir). Şimalda Qarayazı çöllüyü yerləşir. Rayonun mərkəzi hissəsindən Kür çayı keçir, İncəsu, Coğaz və Ağstafa çayları axır.

İqlimi

Mülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0-5°С, iyunda 18-25°С. Qış quraq keçir. İllik yağıntı 350-700 mm-dir.

İri yaşayış məntəqələri

Yaşayış məntəqələri – 1 şəhər (Qazax) və 34 kənd/qəsəbə: Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.

Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım kəndləri erməni işğalı altındadır.

Əhalisi

Əhalinin 23,7%-i şəhər əhalisi, 76,3%-i isə kənd əhalisidir. Rayonun ərazisində 6 851 məcburi köçkün məskunlaşmışdır. Əhalinin 99,8% azərbaycanlıdır.

Görkəmli şəxsləri

Əliağa Şıxlinski – (1865-1943) artilleriya general-leytenantı, “Rus artilleriyasının Allahı” adı ilə məşhurdur.
Fərruxağa Qayıbov – (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, ölümündən sonra 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir.
Nigar Şıxlinskaya – (1878-1931) ilk azərbaycanlı tibb bacısı.
İbrahimağa Vəkilov – (1853-1934) general, ilk azərbaycanlı hərbi topoqraf.
Xədicə Qayıbova – (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
Məmmədrza Vəkilov – (1884-1944) Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı.
Əhməd Seyidov – (1892-1977) professor, əməkdar elm xadimi, Azərbaycanda pedaqoji fikir tarixinin ilk tədqiqatçılarından biri.
Cavadbəy Şıxlinski – (1876-1940) general-mayor, diviziya komandiri.
İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri.
Məşədi İbrahim bəy – xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
Çingiz ağa Dilbozov – (1857-1942) xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
Mirzə Hüseyn Əfəndi Qayıbov – (1830-1917) Zaqafqaziya Ruhani İdarəsinin rəisi.
Molla Vəli Vidadi – (1707-1809) görkəmli Azərbaycan şairi.
Molla Pənah Vaqif – (1717-1797) görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
Əbdürəhmanağa Dilbazoğlu – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
Mustafa ağa Arif – şair.
Kazım ağa Salik – (1781-1842) gökəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
Yəhyabəy Qazaği – (— 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
Hacırəhim ağa Vəhidi – (1822-1874) sufi dünyagörüşlü şair olmuşdur.
Şahniyar ağa Rənçur – (1850-1890) sufi ruhlu şerlər yazıb.
Abbas ağa Nazir – (1849-1919) şair-tərcüməçi.
Hacıkərim Sanılı – (1978-1938) şair-pedaqoq.
Abdullabəy Divanbəyoğlu – (1883-1936) yazıçı.
Muxtar Hacıyev – (1876-1938) 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilmişdir.
Səməd Vurğun – (1906-1956) Azərbaycanın xalq şairi (Azərbaycanda ilk dəfə bu ada layiq görülüb).
Mehdixan Vəkilov – (1902-1975) professor, əməkdar elm xadimi.
Osman Sarıvəlli – (1905-1990) Azərbaycanın xalq şairi.
Mehdi Hüseyn – (1909-1964) Azərbaycanın xalq yazıçısı. Görkəmli yazıçı-dramaturq, tənqidçi.
Mirvaid Dilbazi – (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür).
Əminə Dilbazi – (1919) baletmeyster. Azərbaycanın xalq artisti.
Əlazan Baycan (Hacı Həsənzadə) – (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
İsmayıl Şıxlı – (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, ictimai-siyasi xadim.
Elmira Hüseynova – (1933-1995) heykəltəraş.
Fatma Vəkilova – (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru.
Sayad Zeynalov – (1886-1942) “Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi ilə təltif edilmişdir.
Nazim Əfəndiyev – (1926-1998) professor, Respublikanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir.
Yusif Səmədoğlu – (1935-1998) Azərbaycanın xalq yazıçısı. İlk çağırış Milli Məclisin üzvü olmuşdur.
Vaqif Səmədoğlu – (1939) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. Milli Məclisin üzvüdür.
Musa Qocayev – (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
Teymur Bünyadov – (1928-2022) akademik, tarixçi-etnoqraf.
Ədalət Nəsibov – (1939-2017) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
Tahir İsayev “Serafino” – (1922-2001) İtaliyanın Milli Qəhrəmanı.
Alı Mustafayev – (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
Aqil Musayev – (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı.
Şamoy Çobanov – (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
Firudin Şamoyev – (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
Bəxtiyar Allahverdiyev – (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
Əsgər Eminov – (1924) Sosialist Əməyi Qəhrəmanı.
Cahandar Yaqubov – (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
Əsmər Məmmədova – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
Hacımurad Murğuzov – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
Məcid Şərifzadə – (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
Məhəmməd Əliyev – (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
İmran Mirzəyev – (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Rayonun məşhur abidələri aşağıdakılardır:

Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir.
Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
Baba Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var.
Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir.
Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

QAZAX ŞƏHƏRİ
Spread the love