“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

DAMCILI FİLİALI

“Damcılı” filialı

Qoruğun “Damcılı” filialı ərazisinə çox sayda tarixi abidələr daxildir. Bunlardan biri də ən qədim dövrü əhatə edən, dünya əhəmiyyətli Damcılı mağara düşərgəsidir. İnventar №-si 24 olan Damcılı mağara düşərgəsi arxeoloji, həm də təbiət abidəsidir.  Damcılı mağara düşərgəsi Avey dağının cənub-şərqində yerləşir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə ilk dəfə  1953-1957–ci illərdə arxeoloq M.M.Hüseynovun tərəfindən  arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır. Dünyanın bəzi  bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai fəaliyyətlə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdirlər. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən  80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir.

Eyni zamanda mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Bu əmək alətləri- itiuclu  alətlər,   qaşovlar,   qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur.

Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində, 900 metr hündürlükdə isə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Alban məbədi (inventar №-si 24)  yerləşir.  Bu məbəd V-VI əsrə aid edilir. Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında “T” formalı sütun olan tağ  formalı absida yerləşir. Otağın tavanı gümbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel, qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov, kiçik pəncərə açılmışdır. Baraban və konusvarı örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Qərb divarında qədimdə pəncərənin olub-olmadığnı deməkdə mütəxəssislər çətinlik çəkirlər. Lakin, məbədin son bərpası zamanı bu divarda həm çöldə və həm də daxildə formasına görə qarşı divardakı  pəncərədən tam fərqlənən yeni pəncərə açılmışdır. Ümumiyyətlə, aparılan müşahidələrə əsasən məbədin ayrı-ayrı vaxtlarda  üç dəfə bərpa olunduğunu müəyyənləşdirmək mümkün olmuşdur. Bu bərpa izləri tikilinin qərb divarının cənub hissəsində və cənub divarının müəyyən hissəsində qapı ətrafında qabarıq nəzərə çarpır. Aralıq qapının sağ tərəfində xaç işarələri qazılmışdır. Sol qərb tərəfdə isə böyük mətndən ibarət yazı olmuşdur. Hazırda qırılıb oxunmaz hala salınmış bu mətnin bir hissəsi son bərpa zamanı qərb divarın şimala uzanan hörgü daşları altında qalmışdır.

Məbədin arxa hissəsindəki kiçik otağın şərq tərəfində tağ formalı absida-mehrab yerləşmişdi. Mehrabın tavanının ortasında dairənin içində bərabər tərəfli xaç işarə qazılmışdır. Hər iki tərəfdən dairəni cızma xətlə çəkilmiş nəbati təsvir əhatə etmişdir. Mehrabın yan divarlarında şam yandırmaq üçün taxçalar qazılmışdır. Arxa divarda ensiz pəncərə vardır. Bu cür ikinci pəncərə qarşıdakı qərb divarda da vardı. Kənd sakinlərindən görənlərin dediyinə görə, mehrabın qarşısında gövdəsi bəzəkli nəzirgah daşı yerləşirmiş. Sonradan bu daş məhv edilmişdir. Otağın tavanı tağvaridir. Tikintinin döşəməsi dördkünc əhəng daşı piltələri ilə örtülmüşdür. Birinci otağın damı qoşaçatılı, arxa otağınkı düz, şimala tərəf bir qədər mailidir. Örtük vastəsi kimi iri ölçülü, müstəvi formalı kirəmit formasında düzəldilmiş əhəngdaşı laylarından istifadə olunmuşdur.

Məbəd kompleksinə daxil  olan ikinci tikinti yerli əhəng daşından, bir cərgə yastı daşlardan ibarət özül üzərində inşa edilmişdir. Əsas binanın şimal-şərq hissəsində yerləşən bu tikintinin qapısı qərbədir. Quruluşca uzunsov formalı tikintinin arxa divarında pəncərə əvəzi dairəvi deşik açılmışdır. Tavanı tağvari, örtüyü qoşa çatılıdır. Buradakı qapıüstü qırmızı tuf daşındakı kitabə də sındırılıb məhv edilmişdir. Ətrafa səpələnmiş daş parçaları arasında qapıüstü kitabənin qırıqlarından başqa ikinci bir kitabə də tapılmışdır və hörgüdə tikinti daşı kimi istifadə olunmuşdur. Ümumiyyətlə, göstərilən kiçik tikintidən nə məqsədlə istifadə olunduğunu dəqiq demək çətindir.

Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlar aşkar edilmişdir. Onların üstü çox iri ölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində “xaç” işarəsi yoxdur. Lakin, birinin üzərində emblem kimi albanlara məxsus “lotos gülü” və yuxarı künclərində 8 hissəyə ayrılmış rozetka qazılmışdır. Ümumiyyətlə, məbəd ətrafında yer üstündən və qazıntıdan az miqdarda axeoloji material əldə edilmişdir. Bunlar əsasən antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, 1 ədəd  XIII əsrə aid “Qaan-al-adilə” məxsus mis pul (pulun təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermışdir), bir neçə memarlıq elementi, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpə, su qabı, xeyrə, piyalə və şirli kasaya aiddir. Tapıntılar arasında üzəri qara, qırmızı, qəhvəyi, tünd-yaşıl rənglə örtülmüş kirəmit qırıqlarının olması da maraq doğurur. Su mənbəyi məbədin qarşısından cənuba enən cığırın sağ tərəfində qayada çapılmış iri hovuzdur.

Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.

60 ildən sonra bu ərazilərdə arxeoloji qazıntılara yenidən başlanılmışdlr. Belə ki, 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü  mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdı. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnsitutu,Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdı. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır.Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri(sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərini müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir və  aparılan qazıntılar nəticəsində də buna nail olunmuşdur. Hər il ərazidə aparılan qazıntıların nəticəsi  olaraq “Damcılı” filialında arxeoloji ekspedisiyadan əldə olunan nümunələrdən, qoruq ərazisində tapılan eksponatlardan ibarət sərgi təşkil olunmaqdadır.

Spread the love