“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

GÖYƏZƏN FİLİALI

“Göyəzən” filialı

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində yerləşən Göyəzən dağı Abbasbəyli kəndində yerləşir. Ağstafa çayının qolu olan Coğaz çayının sağ sahilindədir. Göyəzən dağının adı, daha doğrusu adının açması barədə yozma çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəzilər isə “Küy əzən”  kimi izah edirlər. Şair və yazıçıların fikrincə isə  dağın adı “Göy dələn”, “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir.

Bu əzəmətli təbiət abidəsi 60-65 milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranmışdır. Heç bir dağa, təpəyə bitişik deyil.  Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martinika adasında) sonra dünyada ikinci dağ sayılır. Zirvəsi nisbətən düzən və yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Heç bir dağa söykənməyən bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir. Göyəzənin zirvəsindən dörd yana bir-birindən fərqli füsunkar gözəllik mənzərələri açılır. Avey silsiləsinin zirvələri adama daha da yaxınlaşmış kimidir. Göyəzənin zirvəsindən baxanda Qazaxın özü, eləcə də bəzi kəndləri ovucun içi kimi görünür. Zirvədən aşağıda dağın zirvəsini yarımqurşaq şəkildə salınmış, əllə bir şəkilə salındığı aydın seçilən başqa bir meydança da var. Burada yüzlərlə adam ayaq üstə dayana bilər.

Göyəzən dağında yerləşən, dövlət qeydiyyatına götürülmüş tarixi abidələrdən biri Göyəzən  qalasıdır (inv.4534). Bu abidə yerli əhəmiyyətli, memarlıq abidəsidir. XIV əsrə aid edilir. Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin qalıqların tikililəri indi də mövcuddur. Dağın bir tərəfindən başdan – başa hasar çəkilmişdir. Burada orta əsrlərə aid   yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. IX- XII yüzilliklərə aid edilən  qədim tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala – şəhər olduğunu söyləməyə imkan verir. Göyəzən dağında erkən orta əsrlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır.

Göyəzən dağı ətrafında digər qeydiyyata götürülmüş abidə isə Yaşayış yeri adlanan ərazidir (inv.1234). Qazax rayonunun Abbasbəyli kəndindən  400 metr aralıda yerləşir. Arxeoloji qazıntılar zamanı ilk orta əsrlərə aid olubdur. Ümumiyyətlə Göyəzən dağının ətraflarında qəbiristanlıqlar aşkar edildiyi üçün buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbiristanlıq varsa orada yaşayış məskəni də olub. “Göyəzən” dağının ərazisi də zaman-zaman qədim yaşayış yerləri olmuşdur.

Arxeoloqlar topladıqları yerüstü materillara istinadən bildirirlər ki, bu dağ və gövdəsindəki mağara və sığınacaqlar əvvəlcə ilk insanların məskəni olub. Amma dağın ətəyindəki bu istehkam qalasının qalıqları, bürclər çox sonrakı çağlarda salınmışdır.

Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı  qəbir daşı, onun ətafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü, mənsubiyyətini müəyyənləşdirmək üçün “Avey” qoruğu tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan mütəxəssisləri ilə birlikdə tədqiqat aparılmış və  yazılı şəkildə rəy  alınmışdır ki, bu rəyə əsasən üzərində xaç və ornamentlər həkk olunmuş məzar daşı Qafqaz Albaniyası dövrünə aiddir. Xaçın qollarındakı üçləçək “Humay” ilahəsinə aid olmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşları XII-XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, “Göyəzən” filialının ərazisi qədim yaşayış məskəni olmuşdur. Ərazidə tapılan və verilən mütəxəssis rəyləri ilə də qədim Alban abidəsi olduğunu sübut edən bu qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.

Spread the love