“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

ABİDƏLƏR HAQQINDA

ALBAN   MƏBƏDİ. 

 

      Alban məbədi Azərbaycanın qərb qapısı sayılan Qazax rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində, 900 metr hündürlükdə yerləşir.  V-VI əsrə aid edilir. Ölkə əhəmiyyətli memarlıq abidəsidir.

     Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili iki pilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Daha doğrusu, bütpərəst məbədi xiristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülmüş, onun yerində xiristian məbədi inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində qədim tikiliyə aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir.

     Binanın içi aralıq qapısı ilə iki otağa ayrılmışdır. Böyük otağın ölçüsü  4,5×3,5, arxasındakı kiçik otağın ölçüsü isə 3,5×2,5 m-dir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında “T” formalı sütun olan tağ  formalı absida yerləşir. Bu cür sütunlar ara qapının cənuba, iri otağın içinə baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında da vardır. Binanın bərpası zamanı düzəldilmiş sütunlar (qapının yanlarındakı) kobudluğu ilə digərlərindən seçilir. Otağın tavanı gümbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2m, diametri 2m-dir. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel, qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov, kiçik pəncərə açılmışdır. Baraban və konusvarı örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Qərb divarında qədimdə pəncərənin olub-olmadığnı deməkdə mütəxəssislər çətinlik çəkirlər. Lakin, məbədin son bərpası zamanı bu divarda həm çöldə və həm də daxildə formasına görə qarşı divardakı  pəncərədən tam fərqlənən yeni pəncərə açılmışdır. Ümumiyyətlə, aparılan müşahidələrə əsasən məbədin ayrı-ayrı vaxtlarda  üç dəfə bərpa olunduğunu müəyyənləşdirmək mümkün olmuşdur. Bu bərpa izləri tikilinin qərb divarının cənub hissəsində və cənub divarının müəyyən hissəsində qapı ətrafında qabarıq nəzərə çarpır. Aralıq qapının sağ tərəfində xaç işarələri qazılmışdır. Sol qərb tərəfdə isə böyük mətndən ibarət yazı olmuşdur. Hazırda qırılıb oxunmaz hala salınmış bu mətnin bir hissəsi son bərpa zamanı qərb divarın şimala uzanan hörgü daşları altında qalmışdır.

     Məbədin arxa hissəsindəki kiçik otağın şərq tərəfində tağ formalı absida-mehrab yerləşmişdi. Mehrabın tavanının ortasında dairənin içində bərabər tərəfli xaç işarə qazılmışdır. Hər iki tərəfdən dairəni cızma xətlə çəkilmiş nəbati təsvir əhatə etmişdir. Mehrabın yan divarlarında şam yandırmaq üçün taxçalar qazılmışdır. Arxa divarda ensiz pəncərə vardır. Bu cür ikinci pəncərə qarşıdakı qərb divarda da vardı. Kənd sakinlərindən görənlərin dediyinə görə, mehrabın qarşısında gövdəsi bəzəkli nəzirgah daşı yerləşirmiş. Sonradan bu daş məhv edilmişdir. Otağın tavanı tağvaridir. Tikintinin döşəməsi dördkünc əhəng daşı piltələri ilə örtülmüşdür. Birinci otağın damı qoşaçatılı, arxa otağınkı düz, şimala tərəf bir qədər mailidir. Örtük vastəsi kimi iri ölçülü, müstəvi formalı kirəmit formasında düzəldilmiş əhəngdaşı laylarından istifadə olunmuşdur.

     Otağın qərb divarındakı pəncərənin hər iki yanında zərif kəsmə naxışa təsadüf olunmuşdur. Pəncərənin üstü yanlarda düz, ortada qövsvari batıq xəttlərdən ibarət naxışa malikdir. Binanin “karniz”ini 3 cərgə batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş qapısının üstünü qırmızı tuf daşı bağlayır. Bu daşın ətrafı nəfis naxışla işlənmişdir.

     Məbəd kompleksinə daxil  olan ikinci tikinti yerli əhəng daşından, bir cərgə yastı daşlardan ibarət özül üzərində inşa edilmişdir. Əsas binanın şimal-şərq hissəsində yerləşən bu tikintinin qapısı qərbədir. Quruluşca uzunsov formalı tikintinin arxa divarında pəncərə əvəzi dairəvi deşik açılmışdır. Tavanı tağvari, örtüyü qoşa çatılıdır. Uzunluğu 3, eni 2, hündürlüyü 2.5m-dir. Buradakı qapıüstü qırmızı tuf daşındakı kitabə də sındırılıb məhv edilmişdir. Ətrafa səpələnmiş daş parçaları arasında qapıüstü kitabənin qırıqlarından başqa ikinci bir kitabə də tapılmışdır və hörgüdə tikinti daşı kimi istifadə olunmuşdur. Ümumiyyətlə, göstərilən kiçik tikintidən nə məqsədlə istifadə olunduğunu dəqiq demək çətindir.

     Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlar aşkar edilmişdir. Onların üstü çox iri ölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində “xaç” işarəsi yoxdur. Lakin, birinin üzərində emblem kimi albanlara məxsus “lotos gülü” və yuxarı künclərində 8 hissəyə ayrılmış rozetka qazılmışdır. Qəbirüstü daşlarda insan təsvirlərinin verilməsi bütpərəstliklə əlaqədar olub, buradakı qəbirlərin vaxtilə hazırkı xristian məbədinin yerində mövcud olmuş bütpərəst Alban məbədinə aid olduğunu ehtimal etməyə imkan verir. Ümumiyyətlə, qəbir daşlarında nə xaç işarəsi, nə də yazıya təsadüf olunmamışdır. Qazıntının nəticəsində məbədin qarşı tərəfi xeyli dərinə düşdüyündən binaya çıxmaq çətinləşmiş, bu çətinliyi aradan qaldırmaq üçün məbədin qapısının qabağında 3 pillədən ibarət pilləkən düzəldilmişdir. Bu daşlardan ikincisi, iri əhəng daşı layı yerindən qaldırılarkən onun məbədin son bərpasına qədər məbədin qapısının üstündə yerləşmiş, üstündə alban xaçı həkk olunmuş, lakin, təmir işləri vaxtı çıxarılıb atıldığı aydın olmuşdur. Ümumiyyətlə, məbəd ətrafında yer üstündən və qazıntıdan az miqdarda axeoloji material əldə edilmişdir. Bunlar əsasən antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, 1 ədəd  XIII əsrə aid “Qaan-al-adilə” məxsus mis pul (pulun təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermışdir), bir neçə memarlıq elementi, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpə, su qabı, xeyrə, piyalə və şirli kasaya aiddir. Tapıntılar arasında üzəri qara, qırmızı, qəhvəyi, tünd-yaşıl rənglə örtülmüş kirəmit qırıqlarının olması da maraq doğurur. Su mənbəyi məbədin qarşısından cənuba enən cığırın sağ tərəfində qayada çapılmış iri hovuzdur.

       Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.

     Avey dağındakı qədim xristian məbədi qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur.

 Rza Çal.

     Ölkə əhəmiyyətlidir. Arxeoloji abidədir. Daş Salahlı kəndindədir. Rza Çal adlanan bu abidənin yerində tunc və sonrakı dövrlərə aid yaşayış izlərinin olduğu elmi faktlar əsasında qeydə alınmışdır. Abidənin ətrafında bir çox gil qablar tapılmışdır ki, bu da qədim insanların yaşayış tərzindən, burada necə məskinlaşmalarından xəbər verir. Rza Çal daşlı zirvəsinin şimal-şərq tərəfindəki boyunda olan tunc dövrü qəbiristanlığı bütövlükdə qoruğun ərazisidir. Burada əldə olunan boz rəngli gil qablar öz formasına və məzmununa görə XII-XI əsrə aid olan qablar hesab olunur.

Qollu qaya qalaçası.

     Ölkə əhəmiyyətlidir. Arxeoloji abidədir. Tarixi orta əsrlərə aiddir. Daş Salahlı kəndində Avey dağında,Qollu qayanın üstündə yerləşir.

Damcılı mağarası. 

        Qazax rayonunun Daşsalahlı kəndində Avey dağında olan mağaralar qədim daş dövrünə aiddir. Avey dağ mağaraları qrupundan ən iri mağara isə Damcılı mağarasıdır. Bu dünya əhəmiyyətli Damcılı mağarası Avey dağının cənub-şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır, bir az dağılıb.Qarşı tərəfdən hündürlüyü 4m, sahəsi isə 17×27 metrdir.Əhəng qayalığının altındadır.Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən  80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir. Daşlaşmış sümüklər (qaban, ibtidai öküz, qoyun, ceyran, Qafqaz maralı, Dağıstan turu və s.) burada yaşamış qədim və yeni Daş dövrü adamlarının kollektiv ovçuluqla, yığıcılıqla məşğul olduğunu göstərir.

     Eyni zamanda mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilmişdir. Daş məmulatı hazırlama texnikası, forması və müqayisəsinə görə əsasən  orta Paleolit, Yuxarı Paleolit, Mustye dövrünə aid alətlər əsasən üçbucaq formalı itiuclu, iri dairəvi qaşovlar; diskşəkilli nukleuslar (daş alət qoparmaq üçün ibtidai insanlar daşı müəyyən formaya salırdılar ki, ona da nukleus-nüvə deyilir) və alət üçün qoparılmış    qəlpələrdən  ibarətdir;  İtiuclu  alətlər,   qaşovlar,   qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur.

ABİDƏLƏR HAQQINDA
Spread the love