“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Damcılı” mağarası haqqında məlumat

Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Damcılı bulağının 25 aprel 2019-cu il tarixdə çəkilmiş yaz görüntüləri…

Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Qazax rayonu ərazisində 3 dünya əhəmiyyətli abidə var ki, onlardan biri ən qədim dövrü əhatə edəni məhz Damcılı mağara düşərgəsidir. Damcılı mağara düşərgəsi Avey dağının cənub-şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə ilk dəfə 1953-1957–ci illərdə arxeoloq M.M.Hüseynovun tərəfindən arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai fəaliyyətlə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir. Eyni zamanda, mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Bu əmək alətləri – itiuclu alətlər, qaşovlar, qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur. 2015-ci ilin yayında Yaponiyanın Tokio Unversitetinin Unversitet Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu arasında beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum qoruqlar arasında ilk dəfə məhz bizim qoruqla bağlanmışdır. Yaponiyalı mütəxəssislər beş il ərzində bu ərazilərdə arxeoloji tədqiqat işləri aparacaq və bu qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri bu ərazidə açıq səma altında təşkil edilmiş muzeydə nümayiş olunacaqdır.

“Damcılı” mağarası haqqında məlumat
Spread the love