“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” dövlət tarix-mədəniyyət qoruğunun arxeoloji hesabatı

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində 1950-ci illərdən başlayaraq Azərbaycan ərazisinin ilk məskunlaşma dövrünü aşkar etmək üçün axtarış və kəşfiyyat işlərinə başlanılmışdır. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqat ilk dəfə 1953 ildə keçirilmiş və 1956 ildən etibarən burada 3 il ərzində arxeoloq S.N.Zamyatin və M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdu. İbtidai icma dövrü, yəni paleolit (qədim daş) izlərini üzə çıxarmaq yalnız 1953-cü ilin payızında mümkün olmuşdur. S.N.Zamyatin və M.M. Hüseynov Avey dağının Damcılı bulağının qarşısında (cənub tərəfində) kəşfiyyat xəndəyi (şurf) vuraraq daş dövrünün müxtəlif mərhələlərinə (mustye, yuxarı paleolit, mezeolit, neolit) dövrlərinə aid alətlər, daş məmulatı və qədim insanların ovladıqları bir çox heyvanların fauna (sümük) qalıqlarını əldə etmişlər. Məmmədəli Hüseynov 1956-cı ildə Avey dağında Damcılı bulağının cənub-şərqində bir müddət geniş qazıntı işləri apararaq, ümumiyyətlə 7 (yeddi) minə qədər daş məmulatı əldə etmişdir. Yenə də bu qazıntılar əsasında yuxarıda qeyd edilən dövrlərə aid maddi qalıqlar qarışmış halda tapılmışdır. Daha sonra M.Hüseynov Avey dağında Daşsalahlı mağarasını aşkar etmişdir. Bu mağarada 1957-58-ci illərdə qazıntılar apararkən mustye dövrünə aid (polieolitin orta mərhələsinə aid) çox qiymətli zəngin materiallar əldə etmişdir.Qazıntı sahəsində təbəqə daxilində diametri 2 (iki) metrə çatan ibtidai insanların yandırdığı ocaq yeri aşkar edilmişdir. Daşsalahlı paleolit düşərgəsi materiallarının təhlilindən aydın olur ki, buraya neondertal tipli (mustye dövrü insanı) soyuq mövsümdə kiçik bir kollektiv yalnız ov üçün gəlmişlər. Bunun bariz nümunəsi olaraq üzə çıxarılan alətlərin iti uclu və bucaq tipli alətlər olmasıdır. Bu daş məmulatları içərisində nüvə (nukleus) və tullantıların burada tapılması əyani sübutdur. Mağarada maraqlı bir cəhət bura gələn ovçuların ov zamanı əldə etdikləri heyvanların cəsədlərini istifadədən artıq qaldıqdan sonra mağaranın arxa dəhlizində qaya dibinə yığaraq, böyük daş qalıqları ilə örtmələri diqqət çəkir. Avey dağının Damcılı mağarasında yuxarıda qeyd etdiyimiz kimi əldə olunan daş dövrü yadigarları bir neçə dövrü əhatə etmişdir. Buradan qədim mustye dövrünə aid qəlpələr, nüvə, qaşov tipli alətlər, mustyenin orta mərhələsinə dair iti uclu bıçaq və yonqar tipli əşyalar, yuxarı paleolit dövrünə aid ucluqlar, qaşov və bıçaqlar, eləcə də burğu və yonqar tipli alətlər seqment və trapes formalı yığma alət dişləri tapılmışdır. Burada daş dövrünə aid olan insanları yaşadıqları 30-a yaxın mağara,müxtəlif çeşidli daş alətlər,ovladıqları heyvanların sümük qalıqları,iti uclu alətlər,iri qaşovlar,disk şəkilli nukleuslar, bizlər, gəzli qaşovlar, ox ucları aşkar edilmişdir. 1957 ildə bu əraxidə iki minə yaxın alət tapılmışdır.

1961-ci ildə C.N.Rüstəmov və F.M.Muradova Bərkin adlı qədim yaşayış məskənində arxeoloji qazıntılar aparmış, tunc dövrü abidələri tədqiq edilmişdir. Bu arxeoloji ekspedisiyasının çöl tədqiqat işləri zamanı tunc dövrünə aid yaşayış yeri və çoxlu daş torpaq kurqanlarından ibarət abidələr tapılmışdır.

 

Yekun olaraq qeyd etmək lazımdır ki, Avey dağında tədqiqatlar zamanı əldə olunan nümunələr AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda saxlanılır. Bu daş dövrü abidələri haqqında 1959-cu ildə Akademiyanın Xəbərləri və Məruzələri jurnallarında Məmmədəli Hüseynov tərəfindən çap olunmuşdur.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntı işlərinin 2-ci mərhələsi 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəsisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur.1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdı. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey”Dövlət Tarix-Mədəniyyıt qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnsitutu,Yaponiya höküməti tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır. 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nın ərazisində Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası tərəfindən tədqiqatlar aparılmışdır. İlkin tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunmuşdur. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsində daha aşağıya doğru, təxminən 50 sm qalılıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub. Həmçinin, ərazidən Neolit dövrünə aid yastı və prizmatik ölçülü nukleuslar, disk şəkilli dikinə dişəkli boz çaxmaq daşlarından hazırlanmış qaşovlar ox uclu ağacdan hazırlanmış yonqar tipli alətlər, hətta bir neçə lövhə üzərində dişəklənərək ibtidai tilov şəklinə salınmış qarmaqlar, indiyə qədər üzə çıxmayan 60-a qədər bir üzü yumru, bir tərəfi yastı şəkildə olan çay daşları aşkar edilmişdir. Bu alətlərin bəziləri qoruq ərazisində saxlanmışdır. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşının müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

“Avey” dövlət tarix-mədəniyyət qoruğunun arxeoloji hesabatı