“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində AMEA Arxeologiya və Antropologiya institunun arxeoloqu t.ü.f.d. Şamil Nəcəfovun rəhbərliyi ilə Murovul yaşayış məskənində aparılan arxeoloji qazıntılar yekunlaşdırılıb. Bu yaşayış yeri son tunc-erkən dəmir dövrünün müdafiə hasarlı yaşayış yeridir. Abidənin unikallığı onun yüksək dağ zirvəsində yerləşməsi ilə bağlıdır. Yaşayış yerinin şimal və şərq hissələrində tikili qalıqları, çoxlu sayda keramika və daş nümunələri aşkar edilmişdir. Elmi-arxeoloji tədqiqatlar onu göstərir ki, Murovul yaşayış yerində e.ə. II minilliyin sonu, I minilliyin əvvəlllərində Xocalı-Gədəbəy mədəniyyətinin tayfaları ərazidə lokal xarakterli də olsa daimi yaşayış yeri seçmiş və yaxın ətraf ərazilərlə sıx iqtisadi-ticarət əlaqələrində olmuşlar.



