“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun arxeoloji irsi Albaniyada beynəlxalq elmi konfransda təqdim olunmuşdur

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun arxeoloji irsi Albaniyada beynəlxalq elmi konfransda təqdim olunmuşdur.
20–22 oktyabr 2025-ci il tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilmişdir.
Konfrans Albaniya Respublikasının Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı) tərəfindən birgə təşkil olunmuşdur. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələrdən 100-dən artıq alim və tədqiqatçı müxtəlif elmi istiqamətlərdə məruzələrlə çıxış etmişdir.
Konfransda Azərbaycanı bir sıra elmi və mədəni qurumların nümayəndələri: “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli , Quba şəhərində ” Soyqırım Memorial Kompleksi”nin direltoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova , “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva təmsil etmişdir.
Konfransın əsas məqsədi Balkan, Anadolu və Qafqaz bölgələrinin ortaq mədəni irsinin araşdırılması, qədim sivilizasiyalararası əlaqələrin elmi baxımdan təhlili və mədəni dəyərlərin qorunmasına dair fikir mübadiləsinin aparılması idi.
Konfransda “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva “Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə Damcılı mağara düşərgəsində aparılmış arxeoloji tədqiqatların nəticələri, əldə olunan materialların Qafqazın qədim mədəniyyətləri ilə paralelləri, həmçinin abidənin bölgənin mədəni və tarixi inkişafında oynadığı rol haqqında elmi nəticələr təqdim olunmuşdur.
Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, “Avey” qoruğunun arxeoloji abidələrinin Qafqaz və Ön Asiya sivilizasiyaları arasında elmi əlaqələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.
Tədbir çərçivəsində həmçinin incəsənət sərgisi təşkil olunmuş, Azərbaycanı müxtəlif muzey və qoruqların nümayəndələri təmsil etmişdir. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş, Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyinə ziyarət təşkil edilmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun beynəlxalq elmi tədbirlərdə fəal iştirakı Azərbaycanın arxeoloji irsinin dünya elmi ictimaiyyətinə tanıdılması, ölkəmizin elmi nüfuzunun artırılması və mədəni əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm elmi və mədəni dəyər kəsb edir.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun arxeoloji irsi Albaniyada beynəlxalq elmi konfransda təqdim olunmuşdur
Spread the love