2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə olunan tarixi Zəfər, həmçinin 2023-cü il 19–20 sentyabr antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olundu və dövlət hakimiyyətinin tam suveren tətbiqi bərqərar edildi.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, 20 sentyabr Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu gün xalqımızın dövlətçilik iradəsini, suveren hüquqlarımızın bərpasını və tarixi ədalətin təminini simvolizə edir.
Bu qərar, həmçinin Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, dövlət suverenliyinin möhkəmləndirilməsi və milli dövlətçilik ənənələrinin geniş təbliği məqsədi daşıyır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlətçilik tariximizin mühüm mərhələsi olmaqla, həm Konstitusiyanın 30 illiyini, həm də 44 günlük Zəfərlə bərpa olunmuş ərazi bütövlüyünün və möhkəmlənmiş suverenliyin əhəmiyyətini bir daha vurğulayır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə müxtəlif səpkili tədbirlər konfranslar, dəyirmi masalar və müxtəlif maarifləndirici tədbirlər keçirilir.
Bu tədbirlərdən biri də 27 noyabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə “Vətənə sevgi, təbiətə qayğı, tarixə ehtiram” adlı yürüş və ağacəkmə aksiyasıdır.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbə və müəllim heyəti tərəfindən qoruğun “Göyəzən” filialında Göyəzən dağının ətəklərinə eldar şamı, badam və iqlimə uyğun digər ağac növləri əkilmişdir.
Daha sonra tədbir iştirakçıları 3 rəngli bayraqlarla Göyəzən dağının zirvəsi istiqamətinə yürüş etmiş, yürüşün yekununda qoruğun ekskursiyaçıları tərəfindən tələbələrə ərazidə yerləşən tarixi abidələr, burada aparılan arxeoloji qazıntılar haqqında geniş məlumatlar verilmişdir.
Tədbirin davamı olaraq iştirakçılar qoruğun “Damcılı” filialına səfər etmişlər. Burada abidələrlə bağlı videoçarx nümayiş etdirilmiş, “Damcılı” mağarası və ətraf ərazilərdə aparılmış elmi-arxeoloji qazıntılar barədə məlumatlar verilmişdir. Tədbir iştirakçıları müxtəlif dövrlərdə yaponiyalı və azərbaycanlı arxeoloqlar tərəfindən aparılmış qazıntılar nəticəsində aşkar olunmuş eksponatlar və qoruğa dair müxtəlif çap məhsullarının təqdim olunduğu sərgi ilə tanış olmuşlar.
Sonda tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunmuş, xatirə şəkilləri çəkilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar 27 noyabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə “Vətənə sevgi, təbiətə qayğı, tarixə ehtiram” adlı yürüş və ağacəkmə aksiyası keçirilmişdir
