13–14 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, “Avey” və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə görkəmli paleolitşünas alim, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın ikinci günü çərçivəsində iştirakçılar üçün Ağstafa rayonu ərazisində yerləşən, bölgənin mühüm arxeoloji abidələrindən biri olan Ağalıqtəpə yaşayış məskəninə elmi tur təşkil edilmişdir.
Qonaqlara məlumat verilmişdir ki, 06 aprel – 01 may 2026-cı il tarixlərində Ağalıqtəpə yaşayış məskənində Azərbaycan–Almaniya birgə arxeoloji ekspedisiyası tərəfindən tədqiqat işləri həyata keçirilir. Ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, Almaniya tərəfindən isə Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruber rəhbərlik edir. Tədqiqatlar “Avey” və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşlarının iştirakı ilə aparılır.
Elmi turda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və Qoruqlar şöbəsinin Qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi, eləcə də yerli və xarici tədqiqatçılar iştirak etmişlər. 47 nəfərin iştirak etdiyi turda qonaqlara bildirilib ki, Ağalıqtəpə yaşayış məskənində Azərbaycan–Almaniya birgə arxeoloji qazıntılarına 2025-ci ildən başlanılmışdır. Abidə son tunc – erkən dəmir dövrünə aid edilir. Aparılan tədqiqatlar nəticəsində burada çoxsaylı təsərrüfat quyuları, ocaq yerləri, iri həcmli küplər, möhürlər, uşaq və böyüklərə aid qəbir kompleksləri aşkar edilmişdir ki, bu tapıntılar bölgənin qədim yaşayış və təsərrüfat ənənələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
Elmi turun sonunda ərazidə aparılan arxeoloji qazıntılarla bağlı fikir mübadiləsi və müzakirələr alimlərin və qonaqların iştirakı ilə davam etdirilmişdir.
Bu cür tədbirlər Azərbaycanın zəngin arxeoloji irsinin tədqiqi, qorunması və beynəlxalq elmi ictimaiyyətə tanıdılması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Görkəmli paleolitşünas alim, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir
