“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Alıyeva Elnurənin 26.04.2024-cü il tarixində ,, Bütöv Azərbaycan,, qəzetində “Tarix və Zaman” adlı elmi məqaləsi dərc olunmuşdur.

  Tarix və zaman

“Təbiətimiz hər şeydən əvvəl tarixə maildir. Keçmişdə vaqe olan hər bir iş gələcək üçün düstur əməldir və elmə əsaslanan bir əmək möhkəm və payidar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu çölə yönəlmək deməkdir”

Abbasqulu ağa Bakıxanov .                    

 

 

Həyatda danılmaz bir həqiqət var, millətin süqutu o zaman başlayır ki, o, öz tarixini unudur. O millət ki, tarixi keçmişinə xor baxır, o millətin gələcəyi yoxdur! Öz tarixi keçmişinə sahib çıxıb onu qoruyan xalq, əlbəttə ki, əzimkar və xoşbəxt xalqdır!…

Keçmişi anlamaq ümumbəşəri bir insan ehtiyacına bənzəyir və tarixin izahı dünyanın sivilizasiyalarında müstəqil olaraq ortaya çıxmışdır.

Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır.

Bəs necə оlur ki, dilsiz daşlar bizi gah xоş duyğularla qanadlandırır, cоşdurur, gah da ürəyimizdə üzüntü və ağrı dоğurur? – Abidələr tarixdir. Səyahətinə çıxdığımız tarix isə bizə abidələrimizlə bağlı böyük bir keçmişimizin olduğundan söhbət açır.

Abidə ölkənin, xalqın, bəşəriyyətin mədəni irsinin bir hissəsini təşkil edən obyektdir (arxeoloji, tarixi, incəsənət abidələri və s.). Abidələr insanları və ya hadisələri əbədiləşdirmək üçün yaradılan incəsənət əsərləridir. Abidə irsin, dövrün, xalqın, dövlətin nailiyyətlərinin, onun mədəniyyətinin bir hissəsidir.

Tarixi abidələr baxımından qədim yurdumuz, anamız Azərbaycan ən qədim yaşayış və mədəniyyət mərkəzi və ən qədim,ən zəngin tarixi abidələr diyarıdır.Bu kiçik  torpaqda min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr vardır. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin zənginliyinin xəbərçisidir.

Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Zərdüştiliyin dini kitabı olan “Avesta”nın Azərbaycanla əlaqədar olduğunu göstərən mühüm faktlardan biri, burada xatırlanan mühüm adların Midiyaya aid olmasıdır. “Avesta”nın bir çox tədqiqatçıları Zərdüştü və zərdüştiliyin vətəni kimi qədim Azərbaycanı, Urmiya gölü sahillərini qeyd edirlər. İran tədqiqatçı Purdavud yazır: ” İran və ərəb müəllifləri, o cümlədən ibn Xordadbeh, Bəlazuri, İbn-əl Fəqih, Məsudi, Həmzə İsfahani, Yaqut Həməvi və digərləri Zərdüştü azərbaycanlı kimi göstərmiş və xüsusən Urmiyanı onun doğma yeri bilmişlər” (Ə.Səfərli, X.Yusifov, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, səh.9-10).

Tarixi abidələrin qorunması, araşdırılması, öyrənlməsi həmişə ulu öndər Heydər Əliyevin  diqqət mərkəzində olmuşdur.  Dahi rəhbər Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Ulu öndərimizin bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaratması sonrakı dövrlərdə də bu sahədə yeni üfüqlərin  açılmasına imkan verdi. Onun  davamçısı, respublikamızın prezidenti İlham Əliyev tərəfindən tarixi mədəniyyətimizin öyrənilməsinə döğru yönəldilmiş 2008-ci il 05 fevral və 2012-ci il 26 aprel tarixli Sərəncamları tarixi abidələrimizim öyrənilməsini, sürətləndirmiş  yeni-yeni tədqiqatların aparılmasına səbəb olmuşdur. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan arxeologiyasının və mədəniyyət abidələrinin inkişafında yeni mərhələ açmışdır.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir.

Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.

  Tarixi abidələr insan zəkasının və istedadının, onun qızıl əllərinin yadigarı olmaqla çox böyük iftixar hissidir. Abidələr əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qalan yadigar, eləcə də hər bir xalqın böyüklüyünün, ululuğunun nişanəsidir. Bu ululuq Azərbaycan xalqına bəşəriyyətin ilkin dövrlərindən qismət olmuş,bir çox tarixi abidələrimiz əsrlərin keşməkeşlərindən hifz olunaraq bizə gəlib çatmışdır. Biz indi nəinki onları dərindən öyrənməli,həm də sevməli, nəyin bahasına olursa olsun qorumalı, müdrik babalarımızın əl izlərini itməyə qoymamalı, onları gələcək nəsillərə miras qoymaq üçün  mədəni-mənəvi sərvətlərimizi can yanğısı, qayğı ilə bərpa etməliyik.

Gəlin tariximizi və abidələrimizi qoruyaq!

 Tarixi qoruyanları, tarixi yaşadanları tarix yaşadacaqdır!

       

                  “Avey” Dövlət Tarix- Mədəniyyət

                   qoruğunun kiçik elmi işçisi  Elnurə Alıyeva.

 

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Alıyeva Elnurənin 26.04.2024-cü il tarixində ,, Bütöv Azərbaycan,, qəzetində “Tarix və Zaman” adlı elmi məqaləsi dərc olunmuşdur.
Spread the love