“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

AVEY QORUQ

Qazax rayonunda fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin  99 № li qərarı ilə yaradılıb. Azərbaycan Elmlər Akademiyası, Respublika Mədəniyyət Nazirliyi və Qazax X.D.S-nin İcraiyə Komitəsinin 14 saylı iclas protokolu əsasında “Avey” Dövlət qoruğunun əraziləri rəsmiləşdirilmişdir. Qoruğun Nizamnaməsi yazılmış, əsas fəaliyyət növü müəyyən edilmiş, möhrü, ştambı hazırlanmış və qoruğa təqdim edilmişdir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. Qoruğun iş prinsipi abidələr haqqında məlumat toplamaq, abidələrin qorunması, toxunulmazlığı və bərpasını təmin etməkdir. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolt, mezeolit, eneolit, orta əsr, tunc, mis dövrlərinin və sonrakı tarixi əsrlərin mədəniyyət abidələri mövcuddur.

Qoruq bir müddət Nazirlər Komitəsinin nəzdində “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası” adı altında fəaliyyət göstərmiş, hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirir. Nazirlər Sovetinin qərarı ilə qoruğa 3613 ha. ərazi ayrılmışdır.

Qoruqda üç filial fəaliyyət göstərir:

1.Əskipara filialı. Sahəsi 2783 ha.                    –  Əskipara   kəndində  yerləşir.

2.Damcılı filialı. Sahəsi 800 ha.                        –  Daş Salahlı  kəndində yerləşir.

3. Göyəzən filialı. Sahəsi 30 ha.                        –  Abbasbəyli  kəndində  yerləşir.

Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınmışdır ki, bunlardan 1-i dünya, 31-i ölkə, 24-ü isə yerli əhəmiyyətlidir. Yenə də bunlardan 15-i memarlıq, 36-sı arxeoloji, 5 ədədi isə dekorativ tətbiqi sənət nümunəsinə aiddir.

Abidələrdən 13-ü sərhəd zolağında, 14-ü isə işğal altındadır.

Qeydiyyata alınması üçün qoruq ərazisində yerləşən 18 müxtəlif tarixi abidənin adı Nazirliyə təqdim olunmuşdur ki, bunlardan da ikisi işğal altındadır.

Abidələrdən qoruq ərazisində yerləşən, lakin qeydiyyata götürülməyən “Məmməd Koxa” bulağı Mədəniyyət və Turizm Nazirliyinin layihəsi və dəstəyi ilə tam bərpa olunmuşdur.

Ümumiyyətlə Qazax rayonunda qeydiyyata alınmış 112 arxeoloji və memarlıq abidələri var. Bunlardan 3-ü dünya əhəmiyyətli abidədir; 1. Sınıq körpü;  2.Damcılı mağarası; 3. Baba Dərviş abidəsi.

51-i ölkə əhəmiyyətli; 58-i isə yerli əhəmiyyətli abidədir. Bunların 45-i memarlıq; 56-sı arxeoloji; 6-sı bağ-park monumental; 5-i dekorativ-tətbiqi sənət nümunələridir.

Qoruq əcdadlarımızın bu ərazilərdəki yaşayış məskənlərini, ən qədim insanların, tayfaların həyat tərzini, mədəniyyətinin, inkişaf etmiş dövrlərini, ailə-məişət adətlərini və mənəvi mədəniyyət məsələlərini kompleks şəkildə tədqiq edir və araşdırır, bütövlükdə təbliğat yolu ilə ictimaiyyətə çatdırır. Eyni zamanda qoruq tarixi yerlərə ekskursiyalar təşkil edir. Mühazirə və söhbətlər, “18 aprel beynəlxalq abidələr və tarixi yerlər günü”, “27 sentyabr turizm günü” və digər müxtəlif kütləvi tədbirlər həyata keçirir.

Maddi mədəniyyət abidələri, etnoqrafik materiallar, əşyalar toplanılır. Qazax mahalının keçmişi, tarixi, onun zəngin mədəni irsi öyrənilir.

Qoruğun ştat cədvəlinə uyğun olaraq 34 nəfər işçi fəaliyyət göstərir.

Qoruq H.Əliyev ünvanında yerləşir.

Qazax rayonu hazırda turizm üçün ən əlverişli məkan hesab olunur. Burada turizmin inkişafı üçün hər bir şərait vardır.