Qoruğun “Yuxarı Əskipara” filialı ərazisinə daxil olan abidələrdən biri-Qüllə. İnventar № si 4518. XVII əsrə aid edilir. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskipara kəndində yerləşir. Adına Əskipara qalası da deyirlər, Dördkünc qala da. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m. təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.
Yolumuzu gözləyən abidəmiz!