İyunun 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ağdam şəhərinə media-tur təşkil olunub. Səfərdə media nümayəndələri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edib.
Media-turun məqsədi işğalçı Ermənistan Respublikasının tarixi abidələrə və mədəni irs obyektlərinə qarşı həyata keçirdiyi dağıntı, vandalizm və mənimsəmə faktlarını ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Dram teatrı, “İmarət” kompleksi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli tarixi abidələr və mədəni irs obyektlərinə qarşı həyata keçirilmiş vəhşilik haqqında media-tur iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələri, Xurşidbanu Natəvanın məzarı erməni işğalçıları tərəfindən dağıdılıb. İşğalçı Ermənistan Respublikası işğal etdikləri digər ərazilərimizdə yerləşən tarixi-abidələr və mədəni irs obyektləri kimi Pənahəli xanın imarətini, Cümə məscidini, Çörək muzeyini, Şahmat evini, Dram teatrını, Qiyaslı kəndində yerləşən məscidi dağıdıb, vandalizmə məruz qoyub, bəzi tarixi abidələrimizdən tövlə kimi istifadə ediblər. Şahbulaq qalasında qanunsuz bərpa işləri apararaq mənimsəmə aktı həyata keçiriblər.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov media-tur iştirakçılarına şəhərdə görüləcək işlər haqqında geniş məlumat verib. Bildirib ki, bu böyük qələbənin nəticəsi olaraq Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə xüsusi qərargah yaradılıb. Prezidentin sərəncamı ilə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə xüsusi nümayəndəlik təsis olunub, ilkin olaraq Ağdamın Baş planının təqdimatı keçirilib. Ağdamın tanınmış ziyalıları və ictimai xadimlərinin iştirakı ilə şəhərin gələcək görkəmi təqdim edilib, tikiləcək bir sıra obyektlərin təməlqoyma mərasimi keçirilib.
Sonda media nümayəndələri səfərin məhsuldar və faydalı olduğunu qeyd etmiş və belə tədbirlərin davamlı olmasını arzu etiklərini vurğulamışdırlar.