“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

12.11.2022- ci il tarixində, “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi Elnurə Alıyevanın “Şərq”qəzetində “Qazax rayonunda olan dünya əhəmiyyətli abidələr” adlı məqaləsi dərc olunmuşdur.

     Damcılı mağarası

Tarixi abidələrin qədimliyinə və zənginliyinə görə Qazax rayonu xüsusi yer tutur. Və abidə zənginliyi baxımından bu rayonun ərazisi digər bölgələrlə müqayisə edilməzdir. Qazax ərazisində qazıntı işləri aparan arxeoloqlarımızın dediklərinə görə, burada tapılan bəzi abidələrin müqabili bütün şərqdə yoxdur. Bu abidələr fonunda bəşəriyyət bütün tekamül prosesi aydın görünür. Mən sizə Qazax rayonunda yerləşən 3 dünya əhəmiyyətli abidələr haqqında məlumat vermək istərdim. Bunlardan birincisi Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub-şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır, bir az dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m., sahəsi isə 17×27 metrdir. Əhəng qayalığının altındadır.  Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə keçirilib və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunub. Damcılı mağarasının önəmli məqamlarından biri də Damcılı bulağıdır. Bulağın inv. 4511-dir. Mağaranın içərisində yerləşir. Yarımdairəsi, qövsvari şəklindədir, qabaq hissəsi açıqdır. Qarşı tərəfin hündürlüyü 4 m.-dir. Təbiətin yaratdığı bu nadir su damcıları qayaların içindən, suxurların arasından və dağ otlarının yarpaqlarından şeh- şeh, dənə-dənə mirvari kimi yığılaraq bulaq olur. Tavandan qopub yağış tək yağan şəffaf damlaların səsi sehrli pıçıltıya bənzəyir. Damcılı yeganə bulaqdır ki, suyu daşlardan süzülüb gəlir. İnsanlar su daşı düzəltməyi də elə Damcılıya baxandan sonra öyrəniblər. Bulaq indinin özündə də yerli camaatın və Qazaxa təşrif buyuran qonaqların istirahət yeridir. Dahi Azərbaycan şairi Səməd Vurğunun dediyi kimi: “Damcılı bulağı dünyanın 8-ci, Azərbaycanın isə 1-ci möcüzəsidir”.

Qazax rayonunun ikinci dünya əhəmiyyətli abidəsi Baba-Dərviş yaşayış  məskənidir. Bu abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. 1958, 1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılıb, müxtəlif tarixi dövrlərə aid çox maraqlı tapıntılar əldə olunub.Ümumiyyətlə Baba- Dərviş qədim yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir.  Arxeoloji materiallara əsasən bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olub, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaradıblar. Həmin dövrə aid gildən düzəldilən insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə maraqlıdır. Baba-Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılıb. Xronoloji baxımından bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir. 1966-cı ildə Baba-Dərvişdə daha bir nadir tapıntı – katakomba tipli qəbir aşkar edilib. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılıb.Aparılan tədqiqatlar göstərir ki, Baba Dərviş sakinləri oturaq həyat sürüb və əsasən əkinçiliklə məşğul olublar. Onların təsərrüfatında maldarlıq da mühüm rol oynayıb. Xırdabuynuzlu heyvanların maldarlıqda üstünlük təşkil etdiyini göstərir. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunub. Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olub. Baba-Dǝrviş yaşayış məskənində əldə edilən material nəinki Azərbaycanın və Cənubi Qafqazın, habelə ümumiyyətlə ibtidai tarixinin öyrənilməsi üçün əvəzsiz qaynaqdır.

Qazax rayonunun üçüncü dünya əhəmiyyətli abidəsi Qırmızı körpü abidəsidir. Qırmızı körpü və ya Sınıq körpü, Qazax rayonunda Gürcüstan ile serhedde olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunan qırmızı daş üçün verilib. “Sınıq körpü” adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.

Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınıb. Körpünün uzunluğu 175 m və 4 aşırımlardan ibarətdir. 26,1 – 8,0 16,1 -8,2. Tağtavanlar – 22x22x4 sm kərpiclərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. ran ərazisində ilkin quruluşunu saxlayan yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılan bu möhtəşəm abidə el arasında “Sınıq körpü” adyıla da tanınan və XII yüzilin abidəsi kimi geniş tədqiq edilib. Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün karvan marşrutunda böyük əhəmiyyət daşıdığını, həm də öz ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir. Ümumiyyətlə, körpü – karvansara birliyi Azərbayan və qonşu islam ölkələrinin uğurlu tikinti gələnəklərindən biri olub. Bütün göstəricilərinə məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və sairəyə görə Qırmızı körpü Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir.

Memarlıq xüsusiyyəti;  Qırmızı körpü uzun olsa da (uzunluğu 175 m.-ə yaxın) cəmi dörd aşırımlıdır (aşırımların ölçüsü ardıcıl olaraq 8,2 m; 16,1 m; 8 m; 26,1 m). Belə aşırım azlığının bir səbəbi körpünün sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahildə 166 kv.m. sağ sahildə 116 kv.m.) qurulması, o biri səbəbi isə tağ aşırımlarından ikisinin xeyli böyüklüyüdür. İkinci səbəb görünür, çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi. Qırmızı körpünün böyük aşırımi (26,1m.) Azərbaycan inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir. Bu da Qazaxdakı bu tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları sırasına salmağa imkan verir. Başdan-başa bişmiş kərpiclə üzənən və buna görə də “Qırmızı körpü” adlandırılan abidə, iri və saya biçimlərlə işlənib. Qazax körpüsü şəhər memarlığına xas incə üslubu olan Gəncə körpulərindən miqyas iriliyi və tutum monumentallığı ilə seçilir. Qırmızı körpünün yüksək mühəndis həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağparasız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində, bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan çox səmərəli təşkilində və s. göstərir. Sahilde körpünün eni 12,4 m. olduğu halda, keçid hissəsində 4,3 m.-dir

Elnurə Aliyeva

“Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi

12.11.2022- ci il tarixində, “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi Elnurə Alıyevanın “Şərq”qəzetində “Qazax rayonunda olan dünya əhəmiyyətli abidələr” adlı məqaləsi dərc olunmuşdur.
Spread the love