“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

01.07.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın Ədalət qəzetində “ALBAN MƏBƏDİ” adlı elmi məqaləsi çap edilmişdir

ALBAN MƏBƏDİ

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən mühafizə olunan, inventar nömrəsi 283 olan Alban məbədi ölkə əhəmiyyətli, memarlıq abidəsidir.  Azərbaycanın qərb qapısı sayılan  Qazax rayonunun  Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin  ən uca nöqtəsində – 922  metr hündürlükdə yerləşir. Tarixi  V-VII əsrlərə aid edilir.  Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən tikilmiş və Ay məbədi adlandırılmışdır.  Bunu arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən .insan şəkillərinə əsasən söyləmək mümkündür.

Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili iki pilləli özül üzərində,  qədim ay məbədinin üzərində tikilmişdir.  Daha doğrusu, bütpərəst məbədi xiristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülmüş, onun yerində xiristian  məbədi    inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində qədim tikiliyə aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir.  Binanın içi aralıq qapısı ilə iki otağa ayrılmışdır.  Böyük otağın ölçüsü  4,5×3,5, arxasındakı kiçik otağın ölçüsü isə 3,5×2,5 m-dir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında “T” formalı sütun olan tağ  formalı abidə yerləşir. Bu cür sütunlar ara qapının cənuba, iri otağın içinə baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında da vardır. Binanın bərpası zamanı düzəldilmiş sütunlar (qapının yanlarındakı) kobudluğu ilə digərlərindən seçilir. Otağın tavanı gümbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2 m, diametri 2 m-dir. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel, qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov, kiçik pəncərə açılmışdır. Baraban və konusvarı örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Otağın qərb divarındakı pəncərənin hər iki yanında zərif kəsmə naxışa təsadüf olunmuşdur. Pəncərənin üstü yanlarda düz, ortada qövsvari batıq xəttlərdən ibarət naxışa malikdir. Binanin “karniz”ini 3 cərgə batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş qapısının üstünü qırmızı tuf daşı bağlayır. Bu daşın ətrafı nəfis naxışla işlənmişdir.

Arxeoloji qazıntılar zamanı. Onların  üstü çox iri  ölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində “xaç” işarəsi yoxdur. Lakin, birinin üzərində emblem kimi albanlara məxsus “lotos gülü” və yuxarı künclərində 8 hissəyə ayrılmış rozetka qazılmışdır.  Qəbirüstü daşlarda insan təsvirlərinin verilməsi bütpərəstliklə əlaqədar olub,  buradakı qəbirlərin vaxtilə hazırkı xristian məbədinin yerində mövcud olmuş bütpərəst Alban məbədinə aid olduğunu ehtimal etməyə imkan verir.  Ümumiyyətlə,  məbəd ətrafında  yer  üstündən və qazıntıdan az miqdarda arxeoloji material əldə edilmişdir. Bunlar əsasən antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, bir neçə memarlıq elementi, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpə, su qabı, piyalə,  1 ədəd  XIII əsrə aid “Qaan-al-adilə” məxsus mis pul (pulun təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermışdir), və şirli kasaya aiddir. Tapıntılar arasında üzəri qara, qırmızı, qəhvəyi, tünd-yaşıl rənglə örtülmüş kirəmit qırıqlarının olması da maraq doğurur.

Qazıntının  nəticəsində  məbədin  qarşı  tərəfi  xeyli  dərinə düşdüyündən binaya çıxmaq  çətinləşmiş,  bu çətinliyi  aradan  qaldırmaq  üçün  məbədin  qapısının qabağında 3 pillədən ibarət pilləkən düzəldilmişdir.  Bu daşlardan ikincisi, iri əhəng daşı layı yerindən qaldırılarkən onun məbədin son bərpasına qədər məbədin qapısının üstündə yerləşmiş, üstündə alban xaçı həkk olunmuş, lakin, təmir işləri vaxtı çıxarılıb atıldığı aydın olmuşdur.

Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.

Məbədin daxili plan kompozisiyası, xaçvari plana malik olan Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən VIII–IX əsrlərə aid Qəbizdərə kilsəsini xatırladır. Xarici fəza həcminə görə isə kilsə günbəzli zal kilsələri ilə yaxınlıq təşkil edir.

Məbədin aşağı hissəsində yerləşən iç-içə keçərək, bir neçə otaqdan ibarət olan mağaralar öz görünüşü və unikallığı ilə fərqlənir. Məbədin arxa hissəsindəki kiçik otağın şərq tərəfində tağ formalı abida-mehrab yerləşmişdi. Mehrabın tavanının ortasında dairənin içində bərabər tərəfli xaç işarə qazılmışdır. Hər iki tərəfdən dairəni cızma xətlə çəkilmiş nəbati təsvir əhatə etmişdir. Mehrabın yan divarlarında şam yandırmaq üçün taxçalar qazılmışdır. Arxa divarda ensiz pəncərə vardır. Bu cür ikinci pəncərə qarşıdakı qərb divarda da vardı. Deyilənə görə, mehrabın qarşısında gövdəsi bəzəkli nəzirgah daşı yerləşirmiş. Sonradan bu daş məhv edilmişdir. Otağın tavanı tağvaridir. Tikintinin döşəməsi dördkünc əhəng daşı piltələri ilə örtülmüşdür. Birinci otağın damı qoşaçatılı, arxa otağınkı düz, şimala tərəf bir qədər mailidir. Örtük vastəsi kimi iri ölçülü, müstəvi formalı kirəmit formasında düzəldilmiş əhəngdaşı laylarından istifadə olunmuşdur.

     Avey dağındakı bu qədim  məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxarmağa çalışıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.

 

 “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi

Qocayeva Xeyransa

 

01.07.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın Ədalət qəzetində “ALBAN MƏBƏDİ” adlı elmi məqaləsi çap edilmişdir
Spread the love