“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

12.10.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Nağdalıyeva Tehranın Ədalət qəzetində “Qazaxın tarixi və tarixi abidələri” adlı elmi məqaləsi çap edilmişdir

Qazaxın tarixi və tarixi abidələri

İlk dəfə Qazax adına ərəb tarixçisi Al-Kufinin əsərində, VII əsrin hadisələrini təsvir edən zaman rast gəlinir. Onun adı böyük bir türk qəbiləsinin adı ilə bağlı idi. Qazax vaxtı ilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi
olmuşdur. Təqribən XV əsrin sonlarında Qazax tayfalarıın yaşadığı yerdə Qazax sultanlığı yaradılmışdır. Səfəvilərin dövründə Qazax sultanlığı Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə “Qazaxlı və ya Alqazaxlılar”deyilə Şıxlinsqilər aiddir. Osmanlı sultanı III Əhmədin dövründə Qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə Səfəvilər yenidən Qazaxı geri alarkən “Qazaxlı” tayfasını rəhbərlikdən azad etmiş onların
əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazax sultanı təyin etmişlər. 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah bəy (vəkil) təyin edilmişdir (bu tayfa sonralar Vəkilov soyadını qəbul etmişdir). Azərbaycan ərazisində daş dövrünə aid ən qədim insan düşərgələrindən biri Damcılı mağarası da məhz bu bölgədə aşarkar edilmişdir. 1929 –cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqustunda Qazax rayonu yaradılmışdır.
Qazax rayonun tarixi qədim və zəngin olduğu kimi onun tarixi, memarlıq və incəsənət abidələri də qədim və zəngindir. Rayonda qeydiyyata alınmış dünya ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə vardır. 56-sı arxeoloji , 45-i memarlıq , 6-sı monumental –tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənət abidəsidir.
Qazax ərazisindəki hündürlüklər arasında Daş Salahlı kəndindən və Qazaxdan Yuxarı salahlı kəndinə gedən yoldan görünən Avey massivi diqqəti cəlb edir. Avey dağının adı bu bir zamanlar mövcud olan atəşpərəstlərin ibadətgahı
ilə əlaqədardır (qədim türk dilindən –Ay evi). Avey massivi Avey Dövət qoruğu (ərazisi 3613 ha) çərçivəsində mühafizə olunur. “Avey” Dövlət qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 22 fevral 1989-cu il tarixli 99 nömrəli qərarı ilə yaradılmışdır. Qoruğun ərazisində 56 ədəd abidə qeydiyyata götürülmüşdür.
Bu abidələrin biri-Damcılı mağarası dünya, 32-si ölkə, 23-ü yerli əhəmiyyətli, təsnifatına görə 36-sı arxeoloji, 15-i memarlıq, 5-i isə dekorativ tətbiqi sənət abidələridir.
Sirli – soraqlı Əskipara qalası, od, yel, su dəyirmanları, qədim qoç fiqurları, məbədlər, türbələr, ehramlar, gümbəzlər, Göyəzən dağı, Koroğlu qalası, qədim Alban məbədi, Damcılı mağarası və digər abidələr milli tarixi sərvətimizdir.
Avey qoruğunda 3 filial- “Əskipara”, “Damcılı” və “Göyəzən” filialları fəaliyyət göstərir.
Bu ərazidəki təbiət abidələrindən ən məşhur, maraqlı və ecazkarı Qazax rayonunun Abbasbəyli kəndində yerləşən Göyəzən dağıdır. Göyəzən dağı Mərkəzi Amerikadakı Mon – Peledən sonra ikinci nadir geoloji təbiət abidəsi
morfoloji məzmunu ilə dünyada tanınan vulkan tacıdır. O zaman hirslə püskürən və nə vaxtsa səngiyib öləziyən vulkan daşlaşıb nəhəng Göyəzən dağını yaratmışdır. Əsrlər və qərinələr boyu təbiətin cəngi – cidalına məruz qalaraq xeyli balacalaşmışdır. Dəniz səviyyəsindən hündürlüyü 900 m-ə yaxındır. Heç bir dağa, təpəyə bitişik deyil təkdir, zirvəsi nisbətən yastıdır. Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin tikililərin qalıqları indidə mövcuddur. Dağın bir tərəfində başdan – başa hasar çəkilmişdir.
Burada yeddibürclü qala divarı və dördkünc qala, bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. IX-XII yüzilliklərə aid edilən tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala – şəhər olduğunu söyləməyə imkan verir.
Göyəzən dağında erkən orta əsirlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır. Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı qəbir daşı onun ətrafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü və mənsubiyyətini müəyyən etmək üçün “Avey” qoruğunun və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun mütəxəsisləri birlikdə tədqiqat aparmışlar və üzrində xaç və ornomentlər həkk olunmuş bu məzar daşının Qafqaz Albaniyası dövrünə aid
olduğu qənaətinə gəlmişlər. Xaçın qollarındakı üç ləçək “Humay ” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşı XII-XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, “Göyəzən” dağının ərazisi qədim yaşayış məskəni olmuşdur.Hə bir neçə kəlmədə Göyəzən dağının adı, daha doğrusu adının açması
barədə. Göyəzən dağının adı, haqqda mühazirə və yozmalar çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəsislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə “Küyəzən” kimi izah edirlər. Şairlərin yazıçıların fikirincə isə dağın adı “Göy dələn”, “Göyə baş vuran”, “Göy əzən”, mənalarını verir. Göyəzən qərbdə Günən dağından ( yeri gəlmişkən: “Günən” qədim türk dilində “gün enən”, “gün batan” deməkdir) şərqdə Qazaxdan , şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir. Ölməz şairimiz Səməd Vurğun öz el obası Qazaxa yolu düşəndə mütləq dağı gəzəməyə gəlirmiş. Ana təbiətimizin bu əsrarəngiz dağından zövq alaraq ilhama gəlib “Göyəzən” dağına yaraşdırdığı bu misraları dodağınada
züm-zümə edərmiş.

Göylərə baş çəkir göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Bəli bu dağ göyə ucalandır, göyü dələndir, nəhayət ki əzəmətli, vüqarlı
Göyəzəndir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun
Kiçik elmi işçisi Nağdalıyeva Tehran

12.10.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Nağdalıyeva Tehranın Ədalət qəzetində “Qazaxın tarixi və tarixi abidələri” adlı elmi məqaləsi çap edilmişdir
Spread the love