“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

27.05.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Baxşiyeva Gülmirənin ŞƏRQ qəzetində “Göyəzən dağının ərazisidə qədim yaşayış məskəni olub” adlı elmi məqaləsi çap edilmişdir

Göyəzən dağı. 

Qədim insan məskənlərindən hesab olunan Qazaxın ərazisi adamı heyrətə  gətirən  sirli – soraqlı təbiət abidələri ilə çox zəngindir. Bu abidələrin hər biri təbii quruluşu, insanlara gərək olması və haqqında düzülüb qoşulmuş əfsanə, rəvayət və nağıllarla tanınır, yaşayır öz ömrünü uzadır.  Bu ərazidəki təbiət abidələrindən ən məşhur, maraqlı və ecazkarı Qazax rayonun Abbasbəyli kəndində yerləşən  Göyəzən dağıdır.

Göyəzən dağı Ağstafa sayının qolu olan Coğaz çayının sağ sahilində yerləşən vulkanik məşəli dağdır, heç bir dağa söykənmir.Zirvəsi kiçik meydançanı xatırladır.

Göyəzən dağı  Mərkəzi Amerikadakı Mon- Peledən sonra ikinci nadir geoloji təbiət abidəsi morfoloji məzmunu ilə dünyada tanınan vulkan tacıdır. O zaman hirslə püskürən və nə vaxtsa səngiyib öləziyən vulkan daşlaşıb nəhəng Göyəzən dağını yaratmışdır. Əsrlər və qərinələr boyu təbiətin cəngi  məruz qalaraq  xeyli qıvraqlaşmış, balacalanmışdır. Dəniz səviyyəsindən hündürlüyü 900 m – ə yaxındır. Qazax şəhərindən 20 kilometr soldadır. Heç bir dağa, təpəyə  bitişik deyil təkdir, zirvəsi nisbətən yastıdır.

Göyəzən dağının adı, daha doğrusu adının açması barədə  mühazirə və yozmalar çoxdur. Qədim türk (Azərbaycan ) söz və ifadələrinə əsaslanan mütəxəsislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi  mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə “Küy əzən” kimi izah edirlər. Şairlərin yazıçıların fikirincə isə dağın adı “Göy dələn” , “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir. Göyəzən qərbdə Günən dağından (yeri gəlmişkən: “Günən” qədim türk dilində “gün enən”, “gün batan” deməkdir) şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir.

Göyəzən həqiqətən göyə ucalan, göyü dələn, nəhayət ki, əzəmətli, vüqarlı bir dağdır.

Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin qalıqların tikililəri indi də mövcuddur. Dağın bir tərəfindən başdan – başa hasar çəkilmişdir. Burada    yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur.IX- XII yüzilliklərə aid edilən tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala – şəhər olduğunu söyləməyə imkan verir.

Göyəzən dağında erkən orta əsirlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır. Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı  qəbir daşı onun ətafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü və mənsubiyyətini müəyyən etmək üçün “Avey” qoruğunun və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun  mütəxəsisləri birlikdə tədqiqat aparmışlar və üzərində xaç və ornomentlər həkk olunmuş bu məzar daşının Qafqaz Albaniyası dövrünə aid olduğu qənaətinə gəlmişlər. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşı XII- XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki qədimi kompozisiyalarla həm dini simvol və dekor mahiyyeti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər Avey məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır. Digər tərəfdən qəbirüstü daşın VII-VIII əsrlərdə inşa olunmuş möhtəşəm Avey alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması, onun məhz ilk orta əsrlər dövrünə  məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir. Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbristanlıq varsa orada yaşayış məskəni də olub. “Göyəzən” dağının ərazisi də qədim yaşayış məskəni olmuşdur.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Baxşiyeva Gülmirə.                                      

27.05.2021-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Baxşiyeva Gülmirənin ŞƏRQ qəzetində “Göyəzən dağının ərazisidə qədim yaşayış məskəni olub” adlı elmi məqaləsi çap edilmişdir
Spread the love