“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

13-19.06.2023- cü il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Türküstan” qəzetində “Azərbaycanın Qədim Yaşayış Məskənləri Damcılı Mağara Düşərgəsi adlı” məqaləsi dərc olunmuşdur.

Azərbaycanın Qədim Yaşayış Məskənləri

Damcılı Mağara Düşərgəsi

İki yunan sözü olan “arxayos”- qədim, “loqos” – elm sözünün birləşməsindən əmələ gələn arxeologiya elmi qədim tarixi öyrənən elm deməkdir. Arxeologiya elminin ən əsas vəzifələrindən biri də məhz ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsidir. Bildiyimiz kimi arxeologiya elmi insanlığın uzaq keçmişini keçmişdən bizə yadigar qalan maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Tarixin bütün dövrlərində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında isə biz Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənir, habelə tədqiq və təbliğini həyata keçirə bilirik.

Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlaması sübut olunmuşdur. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar isə bu fikrin yanlış və əsassız olduğunu göstərərək, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirilmişdir. Eyni zamanda da Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətlərinin olması müəyyən olunmuşdur.

Qürurverici haldır ki, ölkəmizin ərazisində yazıya qədərki və ondan sonrakı tariximizin bütün mərhələlərini tam şəkildə özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız Qədim Daş dövründən başlayaraq tarixin bütün sonrakı mərhələlərində də bəşəri sivilizasiyanın parlaq nümunələrindən ibarət olduqca zəngin mədəni irs qoyub getmişlər. Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, Azərbaycan arxeoloqlarının zaman-zaman aşkarlayaraq tədqiq etmiş olduqları qədim insan düşərgələri və onlardan toplanan çox zəngin maddi mədəniyyət qalıqları təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə ümumdünya tarixinin bir sıra mühüm, həm də olduqca aktual problemlərinin də öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir.

Bu gün demək olar ki, ölkəmizin hər bir güşəsində zəngin mədəni irs nümunələrimizə və qədim yaşayış məskənlərinə rast gəlirik. Onlardan Füzuli rayonunda yerləşən “Kültəpə yaşayış yeri”, “Qaraköpəktəpə yaşayış yeri”, “Xantəpə”, “Günəştəpə” və s. kimi yaşayış məskənləri, həmçinin, Ağstafa rayonunda “Qalabozu”, “Şomutəpə”, habelə, Şamaxı rayounun “Xınıslı”, “Qalacıq”, Beyləqan rayonunun “Kültəpə”, “Qaratəpə”, “Örnəqala” və s. kimi qədim yaşayış məskənləri mövcuddur. Bununla yanaşı, doğma diyarımız olan Qazax rayonunda da ilkin insan izlərinə rast gəlinən yaşayış məskənlərinə rast gəlirik. Belə ki, rayonumuzun ərazisində “Babadərviş”, “Boztəpə”, “Börgin ağzı”, “Qanlı töyrə”, “Qarğalartəpəsi”, “Qiyaməttəpə”, “Sarıtəpə”, “Sarvantəpə”, “Töyrətəpə”, “Yastıtəpə” , “Atəşpərəstlər daxması” və s. kimi qədim yaşayış məskənlərimiz vardır.

İlkin olaraq Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır. Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.  Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli guşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir. Elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur.

Azərbaycan ərazisində tapılan qədim insan düşərgələrində aşkar olunmuş maddi mədəniyyət qalıqları burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və həmin bölgənin qədim tarixindən xəbər verir.

Qədim tarixə malik olan rayonumuzun digər tarixi abidəsi isə özündə tarixin bir çox illərinə şahidlik edən və sirrlərini özündə ehtiva edən Damcılı mağara düşərgəsidir. Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının ətəyində yerləşir. Mağaranın yerləşdiyi ərazidə ilkin arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılmışdır. 1956-cı ildən isə burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya həyata keçirilmışdır. Həmin illərdə təşkil olunan ekspedisiya zamanı Avey dağında daş dövrünə aid qədim insanlara məxsus 30-a yaxın mağara aşkar olunmuşdur. Tədqiqatların nəticəsi bunu deməyə əsas verir ki, İbtidai insanlar bu təbii mağaralardan yaşayış yeri kimi istifadə ediblər.

Avey dağında aşkar olunan daş dövrü insan məskənlərindən ən böyüyü və eləcə də bir çox turist və gənc tədqiqatçıların marağına səbəb olanı Damcılı mağara düşərgəsi hesab olunur. Yarımdairəvi formada olan mağaranın hündürlüyü 4 metr, ümumi sahəsi 360 kvadrat metrdir. Aparılmış tədqiqat zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ov heyvanlarının yarı yanmış sümüklərinin qalıqları aşkar edilmışdır. Alimlər mağaradan tapılan bu daş alətləri öz forma və hazırlanma texnikasına görə orta paleolit – Mustye dövrünə, yuxarı paleolitə və neolitə aid edirlər. Bu mülahizələr həmin ərazidə bir neçə minillik ərzində davamlı yaşayış olduğunu deməyə əsas verir.

Burada yaşayan insanlar minilliklərlə öz bacarıq və ustalıqlarını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilmişlər. Alimlərə görə, məhz Damcılı mağarasında aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini ardıcıl şəkildə izləmək mümkündür. Mağaranın yerləşdiyi ərazi bir çox qədim tarixə malik və unikal əhəmiyyətli obyektlərlə məşhurdur. Damcılı mağarasında qeydə alınan belə mühüm elementlərdən biri də Damcılı bulağıdır: dar qaya çatlarının arasından saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı ovuqda yığılıb bulaq olur. Buna görə də bura “Damcılı bulağı” adlandırılıb. Bu bulaq hazırda yerli camaatın və qonaqların istirahət yeridir.

Bundan başqa, Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Bəhs edilən ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları qeydə alınıb. Burada həmçinin şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 metr diametrlik sıxıcı daş çarx tapılıb. Bütün bunlar nəzərə alınaraq Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin əraziləri “Avey dövlət tarix-mədəniyyət qoruğu” elan olunmuşdur.

Damcılı mağara düşərgəsində hal-hazırki dövrmüzdə də bir çox arxeoloji tədqiqatlar aparılmışdır. Onlardan ən əsası 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.
Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.
2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır.
Üçtərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdiriblər.
Qazıntıların aparılmasında əsas məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir. Arxeoloji qazıntılar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılmışdır. Həmçinin, həmin universitetin üzvlərindən – Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak ediblər.

Qocayeva Rəna Fərhad qızı

Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

 

13-19.06.2023- cü il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Türküstan” qəzetində “Azərbaycanın Qədim Yaşayış Məskənləri Damcılı Mağara Düşərgəsi adlı” məqaləsi dərc olunmuşdur.
Spread the love