“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

08-14.06.2021- ci il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Qazax rayonunun qədim tarixi-memarlıq abidələri ” məqaləsi dərc olunmuşdur.

Qazax rayonunun qədim tarixi-memarlıq abidələri

Qazax rayonunda fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 nömrəli qərarı ilə yaradılıb. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan Avey məbədinin adı ilə adlandırılıb.  Qoruq əcdadlarımızın bu ərazilərdəki yaşayış məskənlərinin, ən qədim insanların, tayfaların həyat tərzini, mədəniyyətinin inkişaf etmiş dövrlərini, ailə-məişət adətlərini və mənəvi mədəniyyət məsələlərini kompleks şəkildə tədqiq edir və araşdırır. Qoruğun ərazisinə 57 abidə daxildir. Bunlardan 1-i dünya əhəmiyyətli; 32-si ölkə əhəmiyyətli; 24-ü isə yerli əhəmiyyətli abidələrdir. Bunların 16-sı memarlıq; 36-sı arxeoloji; 5-i dekorativ-tətbiqi sənət nümunələridir. Qoruqda üç filial fəaliyyət göstərir :

  1. Əskipara filialı : Sahəsi 2783 ha.
  2. Damcılı filialı : Sahəsi 800 ha.
  3. Göyəzən filialı : Sahəsi 30 ha.

“Avey” Dövlət Tarix-Mədəniyət qoruğunun “Göyəzən” filialına aşağıdakı abidələr daxildir :

  1. Göyəzən dağı
  2. Böyük qala
  3. Kiçik qalalar
  4. Su hövzələri
  5. Müşahidə mağarası
  6. Aydınlıq – mağara
  7. Zirvədəki mağara.
  8. Mağaralar – 5 ədəd
  9. Daşla hörülmüş mağaralar – 3 ədəd
  10. Mühafizə məntəqələri
  11. Ağzı – bir qalası – Göyəzənin qərb tərəfi
  12. İki qardaş yüksəkliyi

Azərbaycanda məşhur olan az qala hər bir vətəndaşın tanıdığı dağlardan biri də Qazax rayonunda yerləşən Göyəzən dağıdır. Hazırda bu dağ Qazaxın rəmzinə çevrilmişdir. Bu dağ haqqında əfsanələr dolaşır, onu ilk  xalq şairimiz Səməd Vurğun sevə-sevə tərənnüm etmişdir. Elə Göyəzən dağının adı çəkilən kimi ilk öncə Səməd Vurğunun məşhur misraları xatırlanır:

“Göylərə baş çəkir Göyəzən dağı

Axşam açıq olur ayın qabağı”

Amma Göyəzən dağını bizim üçün daha önəmli edən ordakı tarixi abidələrdir. Bu dağ boydan başa tarixi abidədir desək də yanılmarıq.

Göyəzən dağının ətəklərində orta əsrlərə məxsus qala divarlarının qalıqları durur. Bu qala divarları möhtəşəm bir tarıxı qalanın hasarları olmuşdur. Göyəzən dağının zirvəsinə çıxan yeganə yolu qoruyan bu qala hasarlarının bir neçə bürcü olmuşdur.

Qalanın daxilində yağış suyunu qorumaq üçün ovdan vardır. Bundan başqa dağın orta hissəsində keşikçi məntəqəsi və yaşayış binası vardır. Xalq arasında Koroğlunun evi adlanan bu tikilinin inşasında deyilənlərə görə keçi südü və yumurtadan istifadə edilmişdir. Gümbəzsarı quruluşa malik olan bu tikinti dövrümüzə qədər yaxşı qorunmuşdur. Göyəzən dağının zirvəsinə aparan yol da hörgülərlə asanlaşdırılmışdır. Burada hər addımda keçmişimizin bir abidəsinə rast gəlmək mümkündür. Dağın zirvəsində indi ağzı örtülmüş quyu mövcud olub. Deyilənlərə görə bu quyu gizli yeraltı yolun başlanğıcıdır. Göyəzən dağı bu gün öz tədqiqatçılarını gözləyir.

Qazax rayonunda yerləşən Alpoud kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlumdur ki, Azərbaycanın bir neçə rayonunda “Alpoud” adlı kəndlər var. Alpoud kəndinin etimologiyası ilə maraqlananda məlum olur ki, bu “igidlər məskəni” anlamına gəlir və bu söz tayfa adıdır. Yəni Qacarlar, Bayatlar, Əfşarlar, Ayrımlar olduğu kimi Aıpoud tayfaları da olmuşdur və onların əsas məşğuliyyəti döyüş sənəti olmuşdur. Eynilə kazaklar kimi.

Alpoud kəndinin qəbirstanlığı da öz qədimiliyi ilə diqqəti cəlb edir. Burada çoxlu sayda qəbirüstü sənduqələr, at və qoç fiqurları, bir neçə gümbəzin qalıqları vardır. “Hərəm” adlanan bu gümbəzlər dövrümüzə qədər salamat şəkildə gəlib çatmamışdır.

Amma bu qəbirstanlıqda daha çox diqqətimizi çəkən başqa bir qəbir olmuşdur.  Bu qəbirin üstü yaşıl daşlarla örtülmüşdür. Torpaq əvəzinə qəbrin üstünə daşlar yığılmışdır. Amma bu daşlar hörülməmişdir. Zənnimcə bu çox qədim dövrlərdən qalma bir qəbirdir. Çünki bu şəkildə qəbrə başqa yerlərdə təsadüf edilməmişdir. Buradakı at və qoç fiqurları orta əsrlərin yadıgarıdır.

Alpoud kəndinin qəbirstanlığında qonşu kəndlərin sakinlərinin qəbirləri də vardır. Marağlıdır ki, qonşu Abbasbəyli və Ürkməzli kəndlərindən də burda dəfn olunanlar var. Bunun nə səbəbə olduğu məlum deyil. Ola bilsin ki, Alpoud kəndinin yerləşdiyi coğrafı ərazi buna imkan vermişdir. Amma daha çox ağlabatan fikir odur ki, Alpoud kəndi Qazax Sultanlığının tarıxındə çox mühüm rol oynamışdır. Hətta bəzi mənbələrin verdiyi məlumata görə Sultanlığın mərkəzi olmuşdur. Şəmşəddil hökmdarı Nəsib sultanın həyat yoldaşı Cəvahir xanım da Alpoud kəndindən olmuşdur. Bütün bunlar Alpoud kəndinin tarixən böyük əhəmiyyət kəsb etdiyini xəbər verir. Qeyd eydiyimiz kimi Alpoud kəndinin qəbirstanlığında xeyli sayda “ Hərəmlər” olmuşdur. Bu isə burada nüfuzlu insanların dəfn olunmasından xəbər verir.

Bu qəbirstanlıqda daha bir diqqət çəkən fakt digər qəbirstanlıqlarda olduğu kimi dağdağan ağaclarına toxunulmamaq faktıdır. Görünür bu ağaca olan rəğbətin nəticəsidir. Məlum olduğu kimi, dağdağan ağacını xalq arasında az qala müqəddəs ağac hesab edirlər. Bəzi terlərdə onların budaqlarına müxtəlif rəngli lentlər , parçalar bağlayıb niyyət edirlər. Məsələn, elə Göyəzən dağının ətəyindəki dağdağan ağacı məhz belədir.

Hazırda bu köhnə qəbirstanlıq demək olar ki, diqqətdən kənarda qalmışdır. Onun cənub tərəfi, yəni asfalt yola – Qazax-Əskipara yoluna baxan tərəfi eroziya nəticəsində ovunub gedir. Bu prosesin qarşısını almaq mümkündür. Əgər tədbirlər görülməsə yaxın gələcəkdə buradan qəbirlərin çoxu uçub-dağılmaq təhlükəsi ilə üzləşəcək. Bu isə həm ətraf mühitə, həm də mənəvi dəyərlərimizə zidd olan bir hadisə olardı. İnanmaq istərdik ki, adiyyati orqanlar buna imkan verməyəcək.

Alpoud kəndi ilə qonşuluda yerləşən Abbasbəyli kəndinin adı haqqında da bir rəvayət mövcuddur. Bu rəvayətə görə Şah Abbas Tiflisə hücum edərkən birinci dəfə şəhəri ala bilmir və böyük itkilər verərək geri çəkilməli olur. Gəlib Göyəzən dağının ətəklərində düşərgə salır. Sübhanverdi adlı bir qarının qonağı olur. Qarı öz itinə yal verirmiş. Yal isti olduğundan itin ağzını yandırır. Bu zaman qarı itə acıqlanaraq “Sən də Şah Abbas kimi nə tələsirsən?” deyir. Şah qarını çağırıb nə üçün belə dediyini soruşur. Qarşısındakının kim olduğunu bilməyən qarı belə cavab verir : “Düz deyirəm. Şah Abbas da tələsdi , ordunu bada verdi.”

  • Bəs o neyləməliydi ?
  • O, şəhəri mühasirəyə almalıydı, sonra da yavaş-yavaş məğlub edəcəkdi onları. Amma o da tələsdi, bu it kimi ağzını yandırdı.

Şah Abbas qarının dediyi kimi edir və şəhəri ala bilir. Qayıdarkən yenə qarının qonağı olur və onun Abbas adlı oğluna bəylik verir. Onların yaşadığı kənd Abbasbəyli adlanmağa başlayır. Deyilənə görə, Sübhanverdi qarının törəmələri indi də yaşayırlar.

Qazaxın digər qədim qəbirstanlıqlardan biri də Abbasbəyli kəndinin köhnə qəbirstanlığıdır. Abbasbəyli kəndinin , məlum olduğu kimi, iki qəbirstanlığı vardır. Bunlardan biri caamat arasında “Köhnə qəbirstanlıq” adı ilə tanınır. Təzə qəbirstanlıq isə ötən əsrin 60- cı illərində salınmışdır.

Köhnə qəbirstanlıqda qəbir daşlarının üzərindəki yazıları oxuyarkən məlum olur ki, burada, əsasən ağalar və bəylər dəfn edilmişdir. Əlbəttə, söhbət bu zümrədən olan insanların qəbirlərinin çoxluq təşkil etməsindən xəbər verir. Amma qəbirstanlıq o qədərdə qədim deyil. Qəbirlər əsasən XIX əsrə aiddir. Sual ola bilər ki, bəs o dövrə aid bu kəndin qəbirstanlığı harada olub? Cavab çox sadədir. Bu caamat öz ölülərini ya Tağarbəyli, ya da Alpoud kəndinin qəbirstanlığında dəfn etmişdir. Abbasbəylinin köhnə qəbirstanlığında da “Hərəm” adlanan tukililərin qalıqları vardır. Bu hərəmlərdən birinin içərisində bir ağa nəslinə mənsub qəbirlər mövcuddur. Nisbətən son dövrlərin abidəsi olduğundan burada at və qoç fiqurları, iri ölçüdə qəbirlər yoxdur. Amma xalqımızın tarixini öyrənmək baxımından bu qəbirstanlığın da özünə məxsus yeri vardır. Çünki burada dəfn olunmuş insanların çoxu vaxtilə bölgənin həyatında mühüm rol oynamış insanlardır.

Məlumdur ki, bu qəbirstanlıqda da daş sənduqələrə rast gəlinir. Görünür qəbirüstü abidələrin sənduqə şəklində olması həm rahat həm də ucuz başa gəldiyindən belə sənduqələrdən geniş istifadə edilmişdir. Bu qəbirstanlıqda olan “Hərəm”-lərdən birində iki qəbir diqqəti cəlb edir. Məlum olub ki, onlar qardaşdırlar və hə ikisi eyni gündə vəfat etmişdir. Kənd ağsaqqallarının dediyinə görə bu qardaşlar Böyük Bəy adlı bir bəyin övladlarıdır.

Qazax rayonunda yerləşən belə qədim tikililərin siyahısı tutulmalı və onların hamısı araşdırılmalıdır. Tariximizi dərindən bilmək hər bir Azərbaycan vətəndaşının borcudur.

 

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Rəna

 

 

08-14.06.2021- ci il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Qazax rayonunun qədim tarixi-memarlıq abidələri ” məqaləsi dərc olunmuşdur.
Spread the love