“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

15-21.11.2022- ci il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Türküstan” qəzetində “İŞĞAL ALTINDA OLAN MƏDƏNİ İRSİMİZ” məqaləsi dərc olunmuşdur.

İŞĞAL ALTINDA OLAN MƏDƏNİ İRSİMİZ

ƏSKİPARA ABİDƏLƏRİ

 

Qocayeva Rəna Fərhad qızı

Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

 

Müharibələr tarixi bəşəriyyət tarixi ilə sıx bağlıdır. Təəssüf ki, müharibə tarixdə nadir hadisələrdən olmasa da, yaddaşlarda bir dövlətin və millətin həyatında ən travmatik təcrübələrdən biri olaraq qalır. Bəşəriyyətin mədəniyyətə həyati zərurət kimi yanaşması, xüsusilə, mədəni-tarixi proseslərin tarixi rolunun dərki, mədəni irsi və bu irsi qoruyub saxlayan, gələcək nəsillərə ötürən, tədqiqi və təbliğini həyata keçirən muzeylərin saxlanılması işinin sistematik öyrənilməsini daha da vacib edir.

Hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına mədəni soyqırım deyilir. Mədəni soyqırımda  memarlıq abidələri daha çox vandallığa məruz qalır. Sirr deyil ki, mədəni irsin itirilməsinin əsas səbəblərindən biri də hərbi münaqişələr zamanı talançılıq və mənimsəmədir. Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 28 ildir Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv etmiş və dəyişdirmişdir. İşğalçı qüvvələr Azərbaycan mədəniyyətinə aid yüz minlərlə mədəni əşyanı və muzey eksponatını qarət etmişdir. Bütün bunlar, müxtəlif ölkələrdəki şəxsi kolleksiyalar da daxil olmaqla, qanunsuz olaraq ixrac edilib və satılıb.

Qeyd etmək lazımdır ki, bu mədəni soyqırım nəticəsində 22 muzey və muzey filialı, həmçinin yüz mindən çox muzey eksponatı erməni vandalizminin qurbanına çevrilmişdir. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir. Xüsusilə, diqqətə çatdırmaq lazımdır ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağıdılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. Lakin heç bir beynəlxalq hüquq tanımayan ermənilər Haaqa konversiyasınada məhəl qoymamışdırlar. İşğal müddətində 1700 tarix və memarlıq abidələrini erməniləşdirdilər, təqribən 1300 abidəni dağıdaraq yerlə yeksan etdilər.

Mənfur düşmənimiz Qafqaz Albaniyasına məxsus məbədləri erməniləşdirib qriqoryanlaşdırdıqları halda müsəlman dini kimliyinə aid olan abidələri, o cümlədən digər mədəniyyət nümunələrini dağıdılmaqla yanaşı, həm də təhqir ediblər. Məscidlərdə mal-qara və digər heyvanları saxlayıblar. 20 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu tərəfindən azad edilən Zəngilan rayonundaki məscidin taheyi heç də digərlərindən geri qalmır. Daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuz saxlanılılması erməni vandalizminin bir nümunəsidir.Bu barbarlıq təkcə  Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

Oğurlanmış mədəni əşyaların qanunsuz olaraq xaricə çıxarılması kimi faktlar hərbi təcavüz zamanı əraziləri işğal olunmuş bütün ölkələrdə baş verir. Bunun dayandırılması və oğurlanan mədəni sərvətləri həqiqi sahiblərinə qaytarılması üçün beynəlxalq ictimaiyyət səylərini artırmalıdır. 1995-ci il UNIDROIT Konvensiyası bu və ya digər səbəblə xüsusi kolleksiyalarda, sənət bazarlarında və auksionlarda yerləşdirilən oğurlanmış mədəni obyektlərin müəyyən edilməsində əvəzsiz rol oynaya bilər.

Əfsuslar olsun ki, Qarabağla yanaşı Azərbaycanın digər dilbər güşələrindən biri olan Qazax rayonunun 7 kəndi də erməni vandalizminin qurbanı olmuşdur. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, bu gün həmin abidələr və yerləşdiyi filial düşmən tapdağı altındadır.

Əskipara kəndində yerləşən mədəni irs nümunələrimizdən biri Qafqaz Albaniyasının mədəni irsinə aid olan dördkünc planda inşa edilmiş möhtəşəm görünüşə malik məbəddir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu deməyə əsas verir. Məbədin özəlliklərindən biri isə meşədə, əlçatmaz dağlıq yerdə yerləşməsidir. Bu kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər isə kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Aşağı Əskipara kəndinin ərazisində yerləşən aid olduğu tarix məlum olmayan digər abidə isə kilsədir. Yaşlı kənd sakinlərinin dediklərinə görə bu kilsə albanlara məxsus olmuşdur. Albanların qəbiristanlığı isə kilsə yalı deyilən təpənin ətəyində yerləşir. Kilsə həmin təpənin cənub ətəyində tikilmişdir. Adına “Dördkünc qala” da deyilən və digər abidələrə nisbətən az da olsa salamat qalan digər abidə isə qüllədir. Vaxtıilə gözətçixana kimi istifadə edilmiş bu çoxmərtəbəli qala coğaz çayının sahilində yerləşir. Pəncərələrin forması, qüllənin müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri də  bir daha təsdiq edir ki, qüllə gözətçixana kimi istifadə edilmişdir. Kvadrat şəklində olan qalanın uzunluğu 8 metr, hündürlüyü isə 21 metr təşkil edir. Qalanın tikintisində çay daşından istifadə olunmuşdur. Bununla yanaşı, bişmiş qırmızı kərpicdən kəmər-naxışları vardır. Qalanın  mərtəbələr arası bağı isə ağacdan hazırlanmışdır. Habelə, qalanın həyətində vaxtilə  köməkçi binalar da olmuşdur. Beşmərtəbəli bu esrarəngiz qalanın əffssuslar olsun ki,  yuxarı hissəsi dağılmışdır. Mərtəbələr arası əlaqə isə pilləkənlərlə əlaqələndirilmişdir. Hər mərtəbə mazğallarla təchiz edilmişdir. Bu mazğallar döşəmənin üstündən 1,3 metr hündürlükdə düzəldilmişdir. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus xüsusi inşaat üslubunda ucaldılmışdır. Bu qalaya oxşar eyni üslubda tikilmiş gözətçi bürclərinə Ağstafa rayonu ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində, Zaqatala və Baləkən rayonlarında da rast gəlmək mümkündür. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir. Qülləni “Qalakənd qalası” qala divarından 3 km-lik yol ayırır. Qala sahəsi uzunluğu 2 km.-ə çatan böyük yonulmamış daşdan hörülmüş iki qat divarla əhatələnmişdir.

Yuxarı Əskiparada yerləşən digər mühim qala isə Koroğlu qalasıdır. Qala  kənddən təqribən 4-5 km şimalda hündür sıldırım qayalıqların üzərində yerləşir. Qala çal daşından və əhəng qarışıq qumla hörülmüşdür. Gözəl memarlıq üslubuna malik olan bu qala çox da böyük olmamışdır. Aparılan araşdırmalar göstərir ki, qalaya gediş-gəliş şimal tərəfdən daha əlverişli olmuşdur. Qalanın ətrafında bəzi tikili yerlər isə hələ də durmaqdadır. Fərziyyələrə görə qala Xalxal şəhərinin yadelli işğalçıların hücumlarından qorunması üçün keşikçi məntəqəsi kimi istifadə olunmuşdur. Kənddə yerləşən daha bir yerli əhəmiyyətli memarlıq abidəsi nümunəsi isə türbədir. Dairəvi formada olan bu türbə kəndin qəbiristanlığında yerləşir. Türbənin  İçərisində şəxsiyyətləri bəlli olmayan  iki qəbir vardır. Məzarların üzərində isə ərəb əlifbası ilə müxtəlif yazılar var.

Yuxarı əskiparada yerləşən ölkə üçün xüsusi əhəmiyyət daşıyan digər mədəni irs nümunələri isə körpülərdir. XII-XIII əsrlərə  aid olan yerli əhəmiyyətli memarlıq abidəsi Qatır körpüsü Yuxarı Əskipara kəndinin mərkəzindən 1 km qərbdə yerləşir. Bir tağlı olan bu körpü Coğaz çayının üzərindədir.  Çal əhəngdən hazırlanan bu körpünün uzunluğu təxminən 12 metr, eni 2,5 metrdir. Digər yerli əhəmiyyətli memarlıq abidəsi isə Qızılhacılı körpüsüdür . Bir tağlı olan bu  körpü Yuxarı Əskipara ilə Aşağı Əskipara kəndlərinin arasındadır. Yerli əhəmiyyətli memarlıq abidələri sırasında  Yuxarı Əskipara kəndində kiçik dağ çayının üzərində yerləşən Kazım körpüsü də vardır. Bir aşırımlı olan bu körpünün  uzunluğu 3,4 metr, mərkəzi hissəsinin eni 5,8 metr, ümumi hündürlüyü isə 5 metr təşkil edir. Aşırımın ümumi görünüşü isə yarımçevrə şəklindədir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Habelə, körpünün  keçid hissəsinin üst örtüyü torpaqdır.

Kənddə yerləşən digər körpü isə Qulucanlı körpüsüdür. Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. Qulucanlı körpüsü Qazançı dağının ətəyində Qulucanlı adlanan ərazidə yerləşmişdir. Çox da böyük olmayan körpü dairəvi formada olub əhəng qum qarışığı ilə hörülmüşdür. Körpünün uzunluğu 3-4 metr, dərənin içindən hündürlüyü 3.5 metr olmuşdur. Bir hissəsi dağıntıya məruz qalsa da, təxminən 1,5-2 metr hissəsi salamat qalmışdır. Yuxarı Əskipara kəndi işğal olunana qədər kənd əhalisi bu körpüdən istifadə edirdi. Körpünün əhəng qarışığı ilə hörülmüş divar hissəsindən saxsı boru vasitəsilə daim bulaq suyu axırdı. Deyilənlərə görə Qulucanlı körpüsü Xalxal şəhərinə gedən karvan yolunun üzərində tikilmişdir.

Yuxarı Əskipara kəndində, Coğaz çayının sahilində, karvan yolu ağzında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam qalıqlarından da danışmaq lazımdır. Həmin ərazidə təxminən 3 haman mövcud olmuşdur. Onlardan ikisi tamamilə uçub və günümüzə çatmamışdır. Digər birinin isə yarım hissəsi qalmışdır. Hamam uzunluğu 10 metr, eni 5 metr olmaqla iki otaqdan ibarət olmuşdur. Biri ümumi hamam, o biri hissədə isə hörükdən 10-a qədər vanna olmuşdur. Burada həmçinin, balaca su hovuzu da olmuşdur. Həmin hovuza xüsusi pilləkənlərlə aşağı düşülür. Saxsı turbalar vasitəsilə gələn və hovuza tökülən sudan müalicə vasitəsilə istifadə edilirmiş. Coğaz çayının sahilində 7 su dəyirmanının qalıqları hələ də durmaqdadır. Bu dəyirmanlardan biri Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol sahilində yerləşir.  Dəyirman mənfur düşmənlərimiz olan ermənilərin işğalınadək fəaliyyət göstərmişdir.

Əskipara kəndində memarlıq abidələri ilə yanaşı həmçinin, arxeoıoji mədəni irs nümunələrinə də rast gəlmək mümkündür. Belə arxeoloji abidələrdən Bu şəhərgah qədim Xalxal şəhərinin qalıqları hesab edilir. Yuxarı Əskipara kəndindəki evlərin əksəriyyəti qədim yaşayış tikililərinin üzərindədir. Bu ərazidə yerləşən Alban yazıları olan qəbir daşlarının SSRİ dövründə  ermənilər tərəfindən daşınaraq aparmaları da söylənilir. Abidə tədqiq olunmamışdır.

Azərbaycan Respublikasının tarixi ərazisi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənmişdir. Sirr deyil ki, düşmən ordusu işğala məruz qalan Azərbaycan torpaqlarında daşı daş üstündə qoymamışdır. Təbii ki, düşmən ordusu bu torpaqları tamamilə tərk etdikdən sonra bütün ərazilərdəki mədəni irs nümunələri qeydə alınacaq və bununla bağlı xüsusi tədbirlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı Sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti – quruculuq işləri bu gün uğurla davam etdirilir. Tədricən bu işlər Qarabağın indi ermənilər yaşayan ərazilərini də əhatə edəcək və həmin rayonlarda da əsil insan həyatının bərpası üçün lazımi tədbirlərin görüləcəyi şübhəsizdir.

Hal-hazırda azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edir. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin əsas məqsədini isə abidələrin mühafizəsi, abidələrin tədqiqatları, abidələrin turizm məqsədi ilə istifadəsi təşkil edir. Təbii ki, bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir. Şübhəsiz ki, Qarabağla yanaşı Qazağın işğal altında olan kəndlərindəki mədəni irsimiz də diqqətdən kənar    qalmayacaq. Ümid varıq ki, yaxın zamanda Əksipara kəndində olan tarixi irs nümunələrimiz yenidən tədqiq edilərək öz tarixi yerini tapacaqdır.

Azərbaycan Respublikası beynəlxalq təcrübəyə istinadən öz maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi qayğısına qalmaqla, habelə dünya dövlətlərinin müharibədən sonrakı muzey təcrübəsindən faydalanmaqla, bu irsin qorunması, təbliği və istifadəsi qayğısına qalacaqdır. Bu, həm də işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası, istifadəsi və turizmə açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edəcəkdir.

15-21.11.2022- ci il tarixində, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Qocayeva Rəna Fərhad qızının “Türküstan” qəzetində “İŞĞAL ALTINDA OLAN MƏDƏNİ İRSİMİZ” məqaləsi dərc olunmuşdur.
Spread the love