“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

16.11.2023- cü il tarixində, “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi Elnurə Alıyevanın “Şərq”qəzetində “Qazax rayonunun erməni vandalizminə məruz qalmış tarixi abidələri” adlı məqaləsi dərc olunmuşdur.

Qazax rayonunun erməni vandalizminə məruz qalmış tarixi abidələri

8 iyun tarixi Qazax rayonunun Yuxarı Əskipara kəndinin işğalı günüdür. 1992-ci ildən ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 28 il ötür. Dörd tərəfi dağlarla əhatə olunan, meşəliklə örtülən, çoxlu mineral bulaqları olan kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. Kənd ərazisində çoxlu tarixi abidələr var. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, bu gün həmin abidələr və yerləşdiyi filial düşmən tapdağı altındadır. Qoruğun “Yuxarı Əskipara” filialı 2783 hektar ərazisi olmaqla bütöv kəndi əhatə edir. Çox təssüf ki, qoruğun “Yuxarı Əskipara” filialının ərazisinə daxil olan çox sayda tarixi abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Qazax rayonunun Yuxarı Əskipara (08.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Yuxarı Əskipara kəndi– dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndin bütün tarixi mədəniyyət abidələri dağıdılaraq, məhv edilməkdədir. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə yeksan edilib. 1949-50-ci illərdə qədim abidələri öyrənmək üçün təşkil edilmiş xüsusi elmi heyət bu ərazilərdə V-VI əsrlərə aid edilən şəhərcik qalıqları aşkar etmişdirlər. Daş Salahlı kəndindəki Şiş qayanın ətrafındakı Xalxal şəhərinin bir hissəsi də Şəhərgah adı ilə Yuxarı Əskipara kəndində qeydiyyata alınmışdır. Tədqiqatlar zamanı məlum olmuşdur ki, Yuxarı Əskipara kəndindəki evlərin, tikililərin bir çoxu qədim yaşayış məskənlərinin üzərində tikilmişdir. Burada tarixi tam bəlli olmayan qədim dövrləri əhatə edən böyük şəhərgah olmuşdur. Karvan yolu bu ərazidən keçərmiş. Şəhər qalanın iç üzündə Albanlara məxsus əlifba və bəzəklərlə olan qəbir daşları, həmçinin tikililərdən düşmüş daşların qalıqları varmış. Çox təəssüf ki, qonşu ermənilər müxtəlif bəhanələrlə həmin daşları da, şəhər yerindən çıxan antik əşyaları da ələ keçirib aparmışlar. Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərində kəndində dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmamış onlarla abidəmiz var ki, hal[1]hazırda işğal altındadır və bu abidələrin vəziyyətindən məlumatımız yoxdur. İşğal altında qeydiyyata götürülmüş abidələrimiz bunlardır: Məbəd: İnventar № si 281. Ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qazax rayonunun Əskipara kəndində V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür. Əsas bina – məbəd diqqəti daha çox cəlb edir. Məbəd plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fraqmentləri təsdiq edir ki, o mühüm memarlıq əsəri idi. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır.Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Yeraltı yol . İnventar № si 1278. XIV əsrə aidddir. Yerli əhəmiyyətli, arxeoloji abidədir. Qazax rayonunun Yuxarı Əskipara kəndində olubdur. XVII əsrə aid edilən Qüllənin döşəməsindən başlayıbdır, amma hansı istiqamətə getdiyi məlum olmayıbdır. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Yeraltı su kəməri . İnventar №si 1279. XII əsrə aiddir. Yerli əhəmiyyətli, arxeoloji abidədir. Qazax rayonunun Yuxarı Əskipara kəndində Keçi damı deyilən dağın zirvəsində yerləşib. Diametri 3metr, dərinliyi də 3 metr olan quyu-anbardan ibarət olub. Çıxışı və girişi məlum olmayan anbarın divarları çiy kərpiclə hörülüb. Quyunun dibində hər zaman içməli soyuq su olubdur. Nə qədər su götürülsə də öz səviyyəsini itirməyibdir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Qüllə. İnventar № si 4518. XVII əsrə aid edilir. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Adına Əskipara qalası da deyirlər, Dördkünc qala da. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m. təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir. Qatır körpüsü. İnventar №si 4519. XII-XIII əsr. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdan olub. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Qızıl Hacılı körpüsü. İnventar №si 4520. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Kazım körpüsü. İnventar №si 4521. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Əskipara çayının qolu üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında qurulmuşdur. Onun uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumu hündürlüyü isə 5 m. təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaq olub. Hal[1]hazırda abidə ermənilərin işğalı altındadır. Qulucanlı körpüsü. İnventar № 4522. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Dərədən axan xırda dağ çayıının üzərindədir. Tikinti materialı çal daşlardan ibarət və bir tağlı olubdur. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Hamam qalıqları. İnventar № 4523. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskiparada torpaqdan müalicəvi su hesab olunan isti su çıxırmış. Həmin ərazilərdə təxminən 3 hamam olubdur. Onlardan 2-si tamamilə uçub. Birinin yarı hissəsi qalıb. Uzunluğu 10 m., eni 5m., iki otaqdan ibarət olub. Biri ümumi hamam, o biri hissədə hörükdən 10-a qədər vanna olub. Burada balaca su hovuzu da olub. Hovuza pulləkənlərlə aşağı düşülür. Saxsı turbalar vasitəsi ilə gələn su hovuza tökülür və buradan müalicə vasitəsilə istifadə edilirmiş. Cogaz çayının sahilində 7 su dəyirmanın qalıqları indi də durmaqdadır. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Koroğlu qalası qülləsi. İnventar № si 4524. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskipara kəndindədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Türbə. İnventar № 4524. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskipara kəndindədir. Dairəvi formada olub. Içərisində iki qəbir olubdur ki, şəxsiyyəti məlum olmayan bu qəbirlərin üzərində ərəb əlifbası ilə yazılar yazılmışdır. Dəyirman . İnventar № 4532. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Aşağı Əskipara kəndi. Kilsə . İnventar № 4533. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Aşağı Əskipara kəndi. Şəhərgah. İnventar № 5852. Yerli əhəmiyyətli, arxeoloji abidəsidir. Orta əsrlərə aiddir. Yuxarı Əskipara kəndindədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Hər iki kənd hal-hazırda işğal altındadır. Qeydiyyata alınmayan abidələrdən biri də Qalakənd Qalası” məbəd kompleksidir. Bu məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf olunur. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. “Müharibə” sözü leksik anlam kimi öz mənasında nə qədər dəhşət saçsa da, onun əvvəlinə əlavə edilən “Vətən” sözü həmin anlama bir müqəddəslik gətirir. Dünya xalqlarının tarixində baş verən bütün Vətən müharibələri həmişə, əsasən haqqın tərəfində olan, aqressiyanı dəf etmək, işğalçını torpağından qovmaq məqsədilə döyüşən ölkənin qələbəsi ilə bitib. Xalqın “haqq nazilər, amma üzülməz” kimi min illərdən gələn müdrik deyimi belə yerdə əsl həqiqəti ifadə edir. Otuz il Vətənimizi işğalda saxlayan və bu otuz ildə havadarlarının arxasına sığınaraq bizi lağa qoyan Ermənistanın işğalçılıq siyasətinə qarşı haqq səsimizi dünya ictimaiyyəti eşitməməzliyə vurdu. Amma onu da unutdular ki, hər şeyin bir sonu var və sonda xalq, millət öz Vətəni uğrunda elə birləşəcək, elə güclənəcək ki, bu birgəliyin, bu gücün qarşısında heç kim tab gətirə bilməyəcək. Xalq birləşdi, xalq öz Prezidenti ilə, Ali Baş Komandanı ilə, Vətən uğrunda mübarizəyə qalxan Ordusu ilə birləşdi. İllər keçəcək dünya dəyişəcək, amma xalqımızın bu birliyi bir daha heç vaxt sarsılmayacaq. İnşallah, yaxın gunlərdə Qazax rayonunun 7 kəndi də, səbirsizliklə öz sahibini gözləyən abidələrimiz də erməni vandallarından azad olub,öz azadlığına qovuşacaq. Biz də qoruq əməkdaşı olaraq sevinc və həyəcanla abidələrimizə baş çəkəcəyimiz günü səbirsizliklə gözləyirik və inanırıq ki, o gün çox da uzaqda deyil.

“AVEY” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi

Elnurə Alıyeva

16.11.2023- cü il tarixində, “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi Elnurə Alıyevanın “Şərq”qəzetində “Qazax rayonunun erməni vandalizminə məruz qalmış tarixi abidələri” adlı məqaləsi dərc olunmuşdur.
Spread the love