Qocayeva Rəna Fərhad qızı
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Qədim Tarixə Malik Abidələri
(Göyəzən filialı)
Qədim tarixə malik dogma diyarımız olan Qazax rayonunda fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 № li qərarı ilə yaradılmışdır. Azərbaycan Elmlər Akademiyası, Respublika Mədəniyyət Nazirliyi və Qazax X.D.S-nin İcraiyə Komitəsinin 14 saylı iclas protokolu əsasında isə “Avey” Dövlət qoruğunun əraziləri rəsmiləşdirilmişdir. Bundan sonar isə Qoruğun Nizamnaməsi yazılmış, əsas fəaliyyət növü müəyyən edilmiş, möhrü, ştambı hazırlanmış və qoruğa təqdim edilmişdir.
Qoruq öz adını zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adından götürmüşdür. Qoruğumuzun əsas iş prinsipi isə abidələr haqqında məlumat toplamaq habelə, abidələrin qorunması, toxunulmazlığı və bərpasını təmin etməkdir. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolt, mezeolit, eneolit, orta əsr, tunc, mis dövrlərinin və sonrakı tarixi əsrlərin mədəniyyət abidələri mövcuddur.
“Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu bir müddət Nazirlər Komitəsinin nəzdində “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası” adı altında fəaliyyət göstərsə də, lakin hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tabeçiliyində fəaliyyətini davam etdirir. Nazirlər Sovetinin qərarı ilə qoruğa 3613 ha. ərazi ayrılmışdır. Qoruq ərazisində üç filial fəaliyyət göstərir. Bunlar sahəsi 2783 ha olan Əksipara filialı, sahəsi 800 ha olan Damcılı filialı və sahəsi 30 ha olan Göyəzən filialıdır. Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınmışdır ki, bunlardan 1-i dünya, 33-ü ölkə, 22-si isə yerli əhəmiyyətlidir. Həmçinin, bunlardan 15-i memarlıq, 36-sı arxeoloji, 5 ədədi isə dekorativ tətbiqi sənət nümunəsinə aiddir.Əfsuslar olsun ki, abidələrdən 13-ü sərhəd zolağında, 14-ü isə işğal altındadır. Qeydiyyata alınması üçün qoruq ərazisində yerləşən 18 müxtəlif tarixi abidənin adı Nazirliyə təqdim olunmuşdur ki, bunlardan da ikisi işğal altındadır. Abidələrdən qoruq ərazisində yerləşən, lakin qeydiyyata götürülməyən “Məmməd Koxa” bulağı isə Mədəniyyət və Turizm Nazirliyinin layihəsi və dəstəyi ilə tam bərpa olunmuşdur.
Ümumiyyətlə Qazax rayonunda qeydiyyata alınmış 112 arxeoloji və memarlıq abidələri var. Bunlardan 3-ü Sınıq körpü, Damcılı mağarası və Baba Dərviş abidəsi dünya əhəmiyyətli abidədir. Bunlardan 51-i ölkə əhəmiyyətli; 58-i isə yerli əhəmiyyətli abidələrdir. Digər 45-i memarlıq; 56-sı arxeoloji; 6-sı bağ-park monumental; 5-i dekorativ-tətbiqi sənət nümunələri qrupuna aiddir.
Qoruq əcdadlarımızın bu ərazilərdəki yaşayış məskənlərini, ən qədim insanların, tayfaların həyat tərzini, mədəniyyətinin, inkişaf etmiş dövrlərini, ailə-məişət adətlərini və mənəvi mədəniyyət məsələlərini kompleks şəkildə tədqiq edir və araşdırır, bütövlükdə təbliğat yolu ilə ictimaiyyətə çatdırır. Eyni zamanda qoruq tarixi yerlərə ekskursiyalar təşkil edir. Mühazirə və söhbətlər, “18 aprel beynəlxalq abidələr və tarixi yerlər günü”, “27 sentyabr turizm günü” və digər müxtəlif kütləvi tədbirlər həyata keçirir. Maddi mədəniyyət abidələri, etnoqrafik materiallar, əşyalar toplanılır.
Qazax mahalının keçmişi, tarixi, onun zəngin mədəni irsi öyrənilir. Qoruq ərazisində fəaliyyət göstərən və özündə dərin sirrlər saxlayan abidələrə malik olan filiallardan biri də göyəzən filialıdır. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində yerləşən Göyəzən dağı Abbasbəyli kəndində yerləşir. Ağstafa çayının qolu olan Coğaz çayının sağ sahilindədir. Göyəzən dağının adı, daha doğrusu adının açması barədə yozma çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəzilər isə “Küy əzən” kimi izah edirlər. Şair və yazıçıların fikrincə isə dağın adı “Göy dələn”, “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir.
Bu əzəmətli təbiət abidəsi 60-65 milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranmışdır.Görən hər kəsi valeh edən bu dağ heç bir dağa, təpəyə bitişik deyil. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martinika adasında) sonra dünyada ikinci dağ sayılır. Zirvəsi nisbətən düzən və yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Heç bir dağa söykənməyən bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir. Göyəzənin zirvəsindən dörd yana bir-birindən fərqli füsunkar gözəllik mənzərələri açılır. Avey silsiləsinin zirvələri adama daha da yaxınlaşmış kimidir. Göyəzənin zirvəsindən baxanda Qazaxın özü, eləcə də bəzi kəndləri ovucun içi kimi görünür. Zirvədən aşağıda dağın zirvəsini yarımqurşaq şəkildə salınmış, əllə bir şəkilə salındığı aydın seçilən başqa bir meydança da var. Burada yüzlərlə adam ayaq üstə dayana bilər.
Göyəzən dağında yerləşən, dövlət qeydiyyatına götürülmüş tarixi abidələrdən biri Göyəzən qalasıdır . Bu abidə yerli əhəmiyyətli, memarlıq abidəsidir. XIV əsrə aid edilir. Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin qalıqların tikililəri indi də mövcuddur. Dağın bir tərəfindən başdan – başa hasar çəkilmişdir. Burada orta əsrlərə aid yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. IX- XII yüzilliklərə aid edilən qədim tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala – şəhər olduğunu söyləməyə imkan verir. Göyəzən dağında erkən orta əsrlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır.
Göyəzən dağı ətrafında digər qeydiyyata götürülmüş abidə isə Yaşayış yeri adlanan ərazidir. Qazax rayonunun Abbasbəyli kəndindən 400 metr aralıda yerləşir. Arxeoloji qazıntılar zamanı ilk orta əsrlərə aid olubdur. Ümumiyyətlə Göyəzən dağının ətraflarında qəbiristanlıqlar aşkar edildiyi üçün buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbiristanlıq varsa orada yaşayış məskəni də olub. “Göyəzən” dağının ərazisi də zaman-zaman qədim yaşayış yerləri olmuşdur. Arxeoloqlar topladıqları yerüstü materillara istinadən bildirirlər ki, bu dağ və gövdəsindəki mağara və sığınacaqlar əvvəlcə ilk insanların məskəni olub. Amma dağın ətəyindəki bu istehkam qalasının qalıqları, bürclər çox sonrakı çağlarda salınmışdır.
Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı qəbir daşı, onun ətafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü, mənsubiyyətini müəyyənləşdirmək üçün “Avey” qoruğu tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan mütəxəssisləri ilə birlikdə tədqiqat aparılmış və yazılı şəkildə rəy alınmışdır ki, bu rəyə əsasən üzərində xaç və ornamentlər həkk olunmuş məzar daşı Qafqaz Albaniyası dövrünə aiddir. Xaçın qollarındakı üçləçək “Humay” ilahəsinə aid olmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşları XII-XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, “Göyəzən” filialının ərazisi qədim yaşayış məskəni olmuşdur. Ərazidə tapılan və verilən mütəxəssis rəyləri ilə də qədim Alban abidəsi olduğunu sübut edən bu qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu özündə çox qədim eyni zamanda da sirrli tarixi ehtiva edir. Qoruğun ərazisindəki tarixi abidələr bizə tarixin müəyyən dövrləri haqqında ətraflı məlumat almağa imkan verir. Dövlətimizin diqqət və qayğısı ilə yanaşı vətəndaşlarımızın da üzərinə düşən ən əsas vəzifə bu tarixi qorumaq eyni zamanda da gələcək nəsillərə çatdırmaqdır.
https://www.turkustan.az/news/media-project/65948