“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

15.08.2023-cü il tarixdə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Nağdalıyeva Tehranın “Türküstan” qəzetində “Qədim Alban qəbiristanlığı” adlı elmi məqaləsi çap edilmişdir

            TÜRKÜSTAN

                         Həftəlik ictimai-siyasi qəzet

                          N:28 (766) 15-21 avqust 2023-cü il

Qədim Alban qəbiristanlığı

 

Qafqaz Albaniyasının ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Ərəb tarixçisi Həmdulla Qəzvininin yazdığı məlumata görə Xalxal şəhəri Bakıdan 96 fərsəx məsafədədir. Müəllifin şəhərin yeri ilə bağlı təsvirində də məhz Avey dağı ərazisindən söhbət gedir.

Mütəxəssislərin bəzisi Xalxal şəhərinin Yuxarı Əskiparanın yerində, bəzisi Təpədöy çayı ilə dəli Kürün qovuşduğu yerdə, bəzisi isə Qızıl qaya ətrafında yerləşdiyini iddia edir. Bu ərazilərin üçü də Qazax diyarındadır və üçündə də füsünkar yaşayış məntəqəsinin qalıqları vardır.

Avey dağı ərazisindəki şəhər şərqdən gələn yolun girəcəyində “Qollu qaya” deyilən qalxanın üstündə yerləşib. Deyilənlərə görə, şəhər – qalanın həndəvərlərində gözətçi məntəqələri və bu məntəqələri birləşdirən yeraltı yollar mövcud imiş. Xarabalıqlarda aparılmış qazıntılar zamanı xırman və dəyirman yerləri müəyyənləşdirilmiş, hamam, bazar, yaşayış evi və feodal qəsirlərinin qalıqları tapılmışdır. Şəhər qalanın iç üzündə albanca yazıları olan qəbir daşları, həmçinin tikililərdən düşmüş daşların qalıqları aşkar edilmişdir. Çox təəssüf ki, qonşu ermənilər müxtəlif bəhanələrlə həmin daşları və burada tapılan antik əşyaları da ələ keçirib aparmışlar.

Xalxal şəhərinin qərb tərəfindəki böyük əraziyə yayılmış qədim qəbristanlıq da elə bu şəhərə aiddir. Yerli əhali arasında oraya “Gavur qəbiristanlığı” deyilir və bu qəbristanlıq 1265 inventar nömrəsi ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü” kitabına salınmışdır.

Xalxal şəhəri antik və orta əsrlər dövrünə adi edilən ölkə əhəmiyyətli arxeoloji abidədir. VI-VIII əsrə aid olan abidə 1987-ci ildə aşkar olunmuşdur.

Onun cənub hissəsindəki qəbir daşları əsasən xaçsızdır, lakin oradakı bəzi daşlarda   tək-tək xaşlara da rast gəlinir. Şimal tərəfdəki daşların isə üzərində xaç işarəsi vardır, hətta buradakı başdaşları da xaç formasında düzəldilmişdir. Bu xaçların qollarında bir növ bərabər olması albanların günəşə sitayişindən xəbər verir. Avey məbədinin otağındakı tavanın mərkəzindəki bağlama daşında da bu cür alban xaçı vardır.

Bu qəbir daşına oxşar digər bir qəbir daşı Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun Göyəzən filialının ərazisində Göyəzən dağı ətəyində aşkar edilmişdir. Göyəzən dağının ətəyində tapılmış qəbir abidəsi ilə bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna ünvanlanan məktuba əsasən həmin  institutdan göndərilən nümayəndə tərəfindən abidəyə baxış keçirilmişdir. Daha sonra bu qəbir daşının albanlara məxsusluğu haqqında institut tərəfindən rəsmi rəy verilmişdir. Göndərilən rəyə əsasən qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban  qəbir daşları üzərindəki bədii kompozisiyalarla həm dini simvol və dekor mahiyyəti daşıyan zəngin təsvir elementlərinə hətta oxşar elementlər  Avey məbədinin eksteryerində daş-divar səthində mövcuddur həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır. Xaçın qollarında üç ləçək Humay ilahəsinə aid olmaqla oğuz türklərinə mənsubdur. Digər tərəfdən qəbirüstü daşın V-VII əsrlərdə inşa olunmuş möhtəşəm Avey alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılmış onun məhz ilk orta əsrlər dövrünə məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir. Həmin Xalxal şəhəri ərazisində qəbirlərin həm də bu qəbir abidəsinin eyniliyi bu ərazilərin kompleks yaşayış məskəni olduğunu bir daha sübut edir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Nağdalıyeva Tehran.

15.08.2023-cü il tarixdə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi Nağdalıyeva Tehranın “Türküstan” qəzetində “Qədim Alban qəbiristanlığı” adlı elmi məqaləsi çap edilmişdir
Spread the love