“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

05.12.2023-cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın “Türküstan” qəzetində “Mədəni irsimizi özündə əks etdirən Göyəzən qalası” adlı elmi məqaləsi çap edilmişdir

Xeyransa Qocayeva
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Qədim insan məskənlərindən hesab olunan Qazax təbii – coğrafi şəraiti və strateji mövqe baxımından çox əlverişli ərazidə ulu Oğuz təpələrindən baş alıb gedən Ağstafa (Oğuztəpə) çayının sağ – solunda yerləşir. Hər cəhətdən tarixə öz möhrünü vurmuş, Azərbaycanın qərb qapısı sayılan Qazax rayonu tarix və mədəniyyət abidələri baxımından çox zəngindir. Bu abidələrin hər biri təbii quruluşu, insanlara gərək olması və haqqında düzülüb – qoşulmuş əfsanə, rəvayət və nağıllarla tanınır, yaşayır, öz ömrünü uzadır. Bu ərazidəki təbiət abidələrindən ən məşhur, maraqlı və ecazkarı rayonun Abbasbəyli kəndində yerləşən Göyəzən dağıdır. Göyəzən dağı “Avey” Dövlət Tarix- Mədəniyyət qoruğunun ərazisində ən böyük tarixə malik olan abidələrdən biridir. Qazax rayonunda öz hündürlüyü, əsrarəngiz gözəlliyi, füsünkarlığı ilə insanı heyran edən Göyəzən dağı Ağstafa çayının qolu olan Coğaz çayının sağ sahilində yerləşən vulkanik mənşəli dağdır. Heç bir dağa, təpəyə bitişik deyil təkdir. Zirvəsi nisbətən yastıdır, kiçik meydançanı xatırladır.

Göyəzən dağı təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. O zaman hirislə püskürən və nə vaxtsa səngiyib öləziyən vulkan daşlaşıb nəhəng Göyəzən dağını yaratmışdır. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü isə 900 m-ə yaxındır. Qazax şəhərindən 20 km soldadır. Əsrlər və qərinələr boyu təbiətin cənginə məruz qalaraq xeyli kiçilmişdir. Göyəzən dağının adı, daha doğrusu adının açması barədə mühazirə və yozmalar çoxdur. Qədim türk (Azərbaycan ) söz və ifadələrinə əsaslanan mütəxəsislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə “Küy əzən” kimi izah edirlər. Şairlərin yazıçıların fikirincə isə dağın adı “Göy dələn” , “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir. Göyəzən qərbdə Günən dağından (yeri gəlmişkən: “Günən” qədim türk dilində “gün enən”, “gün batan” deməkdir) şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir. Göyəzən həqiqətən göyə ucalan, göyü dələn nəhayət ki, əzəmətli, vüqarlı bir dağdır. Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin qalıqların tikililəri indi də mövcuddur. Dağın bir tərəfindən başdan–başa hasar çəkilmişdir. Burada yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. IX- XII yüzilliklərə aid edilən tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala – şəhər olduğunu söyləməyə imkan verir.

Göyəzən dağında erkən orta əsirlərdə Alban xiristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır. Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı qəbir daşı onun ətafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu subut edir. Bu qəbir daşının dövrünü və mənsubiyyətini müəyyən etmək üçün “Avey” qoruğunun və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun mütəxəsisləri birlikdə tədqiqat aparmışlar və üzərində xaç və ornomentlər həkk olunmuş bu məzar daşının Qafqaz Albaniyası dövrünə aid olduğu qənaətinə gəlmişlər. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşı XII- XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki qədimi kompozisiyalarla həm dini simvol və dekor mahiyyeti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər Avey məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır.

Digər tərəfdən qəbirüstü daşın VII-VIII əsrlərdə inşa olunmuş möhtəşəm Avey alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması, onun məhz ilk orta əsrlər dövrünə məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir. Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbristanlıq varsa orada yaşayış məskəni də olub. Hal-hazırda qoruğun ərazisində yerləşən qəbir daşını aşınmalardan kənar təsirlərdən qorumaq məqsədi ilə abidənin üzəri şəffaf materialla örtülmüş ətrafı dəmir hasarla hasarlanmışdır. “Göyəzən” dağının ərazisi də qədim yaşayış məskəni olmuşdur. Bununla belə qədim zamanlarda, Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililərin qalıqları indi də mövcuddur. Dağın üzərində çoxlu tikili qalıqları və su yığmaq üçün qurğular salınıb, eyni zamanda ilk və orta əsrlərin maddi qalıqlarına da rast gəlmək olur. Göyəzən ətrafının yaşayış məskənin olmasını bir daha təsdiqləmək üzün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun “Göyəzən” filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında Azərbaycan milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun , Sənətşunaslıq üzrə elmlər doktoru, dossent İmaş Hacıyevin rəhbərliyi ilə “Elmi- arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilmişdir. Tədqiqat əsasən iki istiqamətdə aparılmışdır. 1-ci istiqamət Göyəzən dağında yer səthindən 400-m hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçasından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiq olmuşdur. 2- ci istiqamət isə Göyəzən dağının şimal–qərb ətəyində aşkar edilmiş sal qaya parçalarının olduğu ərazidə kəşfiyyatın aparılması idi. Qazıntılar zamanı ərazidən Qafqaz Albaniyasına məxsus nekropollar və yaşayış izləri aşkarlanmışdır. Tapılan tapıntılar nəticəsində belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbristanlıq varsa orada yaşayış məskəni də olub. “Göyəzən” dağının ərazisi də qədim yaşayış məskəni olmuşdur.

 

https://www.turkustan.az/news/media-project/66704

05.12.2023-cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın “Türküstan” qəzetində “Mədəni irsimizi özündə əks etdirən Göyəzən qalası” adlı elmi məqaləsi çap edilmişdir
Spread the love