“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Damcılı bulağı

Damcılı bulağı

Ətəkdən yuxarıya doğru gedəndə istər-istəməz nəhəng zirvənin – Avey dağının möhtəşəmliyini anlayırsan. Bu dağ həm Şərq, həm də Qərbə, Kür çayına, Xram sahilinə doğru uzanıb gedir, nə sahil, nə də sərhəd tanıyır. Təbiətin yaratdığı bu möhtəşəmlikdə qarşı-qarşıya qalıb düşünməyə məcbur olursan.

Lakin təbiətin insanı heyranedə biləcəyi digər möcüzələri də mövcuddur. Ki, bunlardan biri də, “Damcılı bulağı”dır. Çat-çat olan qayalardan, lay-lay suxurlardan, yaşıl otlardan, mamır basan daşlıqlardan süzülüb parlaq, damcı-damcı tökülən, hər biri mirvarini xatırladan dənəciklərin sehrinə valeh olmaya bilmirsən. Yalnız heyranlıq içində düşünürsən ki, təbiətin necə də ustad, mahir əli, necə də zəngin fantaziyası var.

Qeyri adi mənzərəli, gözəlliyinə görə heç bir yerdə təkrarlanmayan bu bulağa baxdıqca anlayırsan ki. o, çox az dəyişilib. Ondan ilk dəfə su içən daş dövrünün adamına necə ecazkar təsir, edirsə, bu günün, yəni XXI əsrin adamına da eyni cür təsir göstərir. Yəni bəzi xırda dəyişiklikləri nəzərə almasaq, demək olar ki, o, qədimdə necə idisə, indi də elə həmin ki kimidir, çox az dəyişilib “Damcılı bulağı”. Avey dağının qayalıqlarının altındadır. Üzü gündoğan tərəfdir, yarımdairəvi, qövsvari şəkildədir, qabaq hissəsi açıqdır. Bəzən ona baxdıqca insandan onun sanki dağıldığı hissi yaranır. Qarşı tərəfin hündürlüyü 4m-dir. Təbiətin yaratdığı bu nadir möcüzənin suyu damcı-damcı qayalardan süzülərək əsrarəngiz mənzərə yaradır. Bu damcıların hər birinin öz səsi, hər birinin öz gözəlliyi var. Onları ovuc-ovuc toplayıb içdikcə insanın içinə bir rahatlıq yayılır. İnsan sanki yüngülləşir,  istər-istəməz gözəllik və ülvilik hissləri yaranır, sanki insanın ruhu təmizlənir, gözəlləşir. Daxilində min cür xəyallar canlanır və sənə sanki bu hisslərin içində əriyərək itib-batırsan. Təbiətin nəyə qadir olduğuna bir daha heyrətlənirsən.

Bu yerin insanı heyrətləndirən qeyri-adiliyi bir də ondadır ki, buranı gəzdikcə onun dövrəsində baş qaldıran qayaların üstündə müxtəlif səcdəgahlar, cürbəcür daldalanacaqlar, yaşayış məskənlərinə rast gəlinir, daha sonra isə silindr formasında tikilən künbəzləri görürsən.

“Damcılı”düşərgəsinin və Avey dağının insanı vahimələndirən sükutu var. İnsan bu sükutun içərisinə daxil olduqca özünü sanki dərin dənizin qoynuna düşmüş kimi hiss edir. Bu yerdə insanı istər-istəməz vahimə basır. Buradan bu sükut və vahimədən yaxa qurtarmaq istəyirsən. Meşələrin,qayaların arası ilə ilan kimi qıvrılıb gedən yolu “ayağına dolamalı” olursan. Istəyirsən ki, mənzilə tez yetişib dərindən nəfəs alasan, rahatlanasan. Bu da bu cür ecazkar təsirdən baş verir.

Biz yuxarıda “Damcılı” düşərgəcinin elm üçün kəsb etdiyi əhəmiyyətindən danışmışıq. Bu mövzuya bir daha qayıdaraq qeyd etmək lazımdır ki, tədqiqat işləri, əldə edilən arxeolojiv qazıntıların materialları sübut edir ki, bu düşərgənin tarixi çox qədimdir. Belə ki, aparılan qazıntılar zamanı burada qədim daş dövrünə, orta və üst paleolitə, mezolit və neolitə, tunç dövrünə və orta əsrlərə, nəhayət tariximizin ən son dövrlərinə dair bir çox materiallar tapılıb. “Damcılı” mağarası qədim daş dövrünün yadigarıdır. Ulu əcdadlarımızın həyatı və məi.əti burada keçib, uzun əsrlər boyu onların sığınacaq yrti olub. İnsan tərəfindən uzun müddət istifadə olunması onun simasını müəyyən qədər dəyişib. Bunlara baxmayaraq “Damcılı” düşərgəsi və Avey öz görkəmini çox az dəyişib. Yuxarıda artıq qeyd edildiyi kimi görkəmli alim Məmmədəli Hüseyinovun gəldiyi nəticələrə görə bu mağara tarixinə görə çox qədimdir və ölkəmizin tarixinin öyrənilməsində çox böyük əhəmiyyətə malikdir. “Damcılı” düşərgəsi nəinki tək qədim daş dövrünün, hətta sonrakı inkişaf mərhələlərinin – mezolit (orta daş dövrü) öyrənilməsində ilk adımdır. Alimin dediyinə görə, “Damcılı” qazıntılarına qədər respublikamızda elmi cəhətdən dəyəri düzgün təyin edilə bilən, qonşu ərazilərin müqayisəli materialları içərisində öz yerini tutub bir dənə də paleolit, mezolit tapıntısı  olmayıb.

Təsadüfi deyil ki, böyük gürcü alimi Aleksandr Kalandadze “Damcılı” düşərgəsinə Azərbaycanda daş dövrünün pioneri adlandırıb. “Damcılı” abidəsinin əhəmiyyəti həm də ondadır ki o, Zaqafqaziya paliolitinin müxtəlif mərhələlərini tarixi ardıcıllıq baxımından birləşdirir. Sovet və rus alimlərinin fikrinə görə, “Damcılı” düşərgəsi tarixilik baxımından bütün boşluqları doldura bilən qiymətli və çoxtəbəqəli düşərgələrdəndir. “Avey və Göyəzən” möcüzələri kitabında “Damcılı” düşərgəsinin tarixinə, bu düşərgədə tapılan əmək alətləri və digər maddi qalıqların, bütövlükdə adı çəkilən ərazilərin təsvirinə toxunmaqla sizə təqdim edirik.

                               

 “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun kiçik elmi işçisi     

  Mancanova Tamam Həşir qızı

 

Damcılı bulağı
Spread the love