“Avey”Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Baxşiyeva Gülmirə.
Keçmişimizə yol salan körpülər
Tariximizin tarixini bilmək böyük xoşbəxtlikdir. Maddi mədəniyyət abidələri tariximizin səhifələridir. Bu səhifələr vərəqləndikcə ulu babalarımızın keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlanır. Tarixi abidələri öyrəndikcə yaddaşlarımız daha da güclənir, möhkəmlənir vətənin hər qarış torpağına olan məhəbbətimiz daha da artır. Bu abidələr vasitəsilə babalarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini öyrənmək olur. Hər il respublikamızın müxtəlif guşələrində arxeoloji ekspedisyalar tarixi keçmişimizin unudulmuş və torpaq altında gizlənmiş abidələrini kəşf edirlər.
Tarixi abidələrin qədimliyinə və çoxluğuna görə Azərbaycanda Qazax rayonu xüsusi yer tutur və abidə zənginliyi baxımından Qazax ərazisi müqayisə edilməzdir. Qazaxın qədim keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin bir hissəsini təşkil edir. Rayonda bir çox sayda qədim memarlıq nümunəsi və maraqlı görünüşə malik olan körpülər mövcuddur.
Körpü salma, körpü tikmək tarixən bir xeyirxahlıq nümunəsi sayılmışdır. Bir rayonda körpülərin çox olması isə həmin rayonun xeyirxah insanlarından xəbər verir.
Rayonumuzda ən böyük və ən qədim körpülərindən biri Qırmızı (Sınıq) körpüdür. Memarlıq abidələrimizin tacı hesab olunan Qırmızı körpü Qazax-Tbilisi yolunda, Xram (Təpədöy) çayı üzərində qurulub, Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Hal-hazırda Gürcüstanla Azərbaycan arasında olan dövlət sərhəddi məhz buradan keçir. Abidə XII əsrdə Atabəy hökmdarı Məhhəməd Cahan Pəhlivanın zamanında tikilib. Dörd aşırımlıdır (aşırımların uzunluğu- 8,2m, 16,1m, 8m, 26,1m). Körpünün ümumi uzunluğu 175m, sahildə eni 12,4 m-dir. Körpünün açırım azlığının səbəbi körpünün sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahilində 168kv.m, sağ sahilində 116kv.m.) qurulmasıdır, o biri səbəbi isə tağ aşırımlarından ikisinin xeyli böyüklüyüdür. İkinci səbəb görünür çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi. Sahil dayaqlarında vaxtilə karvanların gecələməsi üçün geniş otaqların olması körpünün karvan yollarında böyük əhəmiyyət daşıdığını göstərir.
Başdan başa bişmiş kərpiclə üzləşmiş abidə buna görə Qırmızı körpü adını alıb. Qırmızı körpü üslub cəhətdən qədim Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil edir. XVII əsrdə Şah Abbas tərəfindən əsaslı təmir edilib və bəzədilib.
Xalq arasında bu körpüyə Sınıq körpü də deyilir. Lakin Qırmızı körpüdən daha qədim olan tarixi Sınıq körpü çay axarı ilə 100 metrə aralıda yerləşirdi. Gümana görə o Qafqaz Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun illər sonra körpünün tacı, daş çatmasının biri sınır. O vaxtdan adı Sınıq körpü qalır. Zamanlar içərisində dağılan körpünün qalıqları indi də bilinir.Yaxınlıqdakı məşhur körpü ilə birlikdə ikisinə Qoşa körpü adı veriblər.
Qoruğumuzun ərazilərində də bir neçə körpülər vardır. Rayonun Daş Salahlı kəndində olan Haqverdi ağa körpüsü, Məzəm kəndində olan Qatır körpüsü, Qədir körpüsü, Yuxarı Əskipara kəndində olan Qatır körpüsü, Qızıl Hacılı körpüsü, Qulucanlı körpüsü və Kazım körpüsünü göstərmək olar. Bu körpülər qoruğun ərazisinə daxildir və dövlət qeydiyyatına götürülmüşdür.
Haqverdin ağa körpüsü 1910-cu ildə Daş Salahlı kəndində Qarasuyun üzərində əhalinin istifadəsi üçün xeyriyyə məqsədilə tikilmişdir. Əhali yaylağa köç edərkən bu körpüdən istifadə edirmiş. Körpü yerli əhəmiyyətli arxeoloji abidədir. XIX əsrə aid edilən bu körpü bir tağılıdır. Tikintisində Avey dağının daşlarından və əhəngdən istifadə edilmişdir.
Qədir körpüsü yerli əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndində qarasu çayının üzərindədir. XIX əsrin sonuna aid edilir. Körpü Daş Salahlı kəndində ermənilərlə həmsərhəddədir. Bir tağlıdır. İnşasında yerli tikinti materiallarından istifadə edilmişdir.
Qatır körpüsü yerli əhəmiyyəli memarlıq abidəsidir. Məzəm kəndindən 200 metr şimalda yerləşir. Əsil adı Nəsib koxa körpüsüdür. Yuxarı Əskiparada olan Qatır körpüsünə oxşarlığına görə Qatır körpüsü də deyilir.
Azərbaycanın memarlıq sənətinin bir nümunəsi olan bu körpülərin bir qismi də ermənilər tərəfindən darmadağın edilərək məhv edilmişdir. Buna misal olaraq qoruğumuzun Yuxarı Əskipara filialının ərazisinə daxil olan Qatır körpüsü, Qızıl Hacılı körpüsü, Qulucanlı körpüsü və Kazım körpüsünü göstərmək olar. Bu körpülər də ermənilər tərəfindən dağıdılaraq məhv edilməkdədir.
Əskipara kəndində olan Qatır körpüsü XII-XIII əsrə aiddir. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndinin ərazisində, kəndin mərkəzindən 1 km qərbdə yerləşir. Çoğaz çayının üzərindədir. Uzunluğu təxminən 12 m, mərkəzi hissəsinin eni 2,5 m-dir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst hissəsi torpaqdan olub, tikinti materialı çal daşdan və əhəngdəndir. (Hal-hazırda işğal altındadır).
Qızıl Hacılı körpüsü yerli əhəmiyyətli memarlıq abidəsi olubYuxarı Əskipara və Aşağı Əskipara kəndinin arasındadır bir tağlıdır. (Hal-hazırda işğal altındadır).
Qulucanlı körpüsü yerli əhəmiyyətli memarlıq abidəsidir. Körpü Yuxarı Əskipara kəndində Qazançı dağının ətəyində Qulucanlı adlanan ərazidə yerləşir. Çoxda böyük olmayan körpü dairəvi formadadır. Körpü əhəng qum qarışığı ilə hörülüb. Körpünün uzunluğu 3-4 metr dərənin içindən hündürlüyü 3.5 metrdir. Bir hissəsi dağıntıya məruz qalsada təxminən 1.5-2 metr hissəsi salamat qalmışdır. Yuxarı Əskipara kəndi işğal olunana qədər kənd əhalisi bu körpüdən istifadə edirdi. Körpünün əhəng qarışığı ilə hörülmüş divar hissəsindən saxsı boru vasitəsi ilə daim bulaq suyu axırdı. Deyilənlərə görə Qulucanlı körpüsü Xalxal şəhərinə gedən karvan yolunun üzərində tikilmişdir. Tikinti materialı çal daşlardan ibarət olub və körpü bir tağlıdır. (Hal-hazırda işğal altındadır).
Kazım körpüsü yerli əhəmiyyətli memarlıq abidəsidir və Yuxarı Əskipara kəndində kiçik dağ çayının üzərindədir. Onun uzunlu 3,4 metr mərkəzi hissəsinin eni 5,8 metr ümumi hündürlüyü isə 5 metr təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəklindədir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Keçid hissəsinin üst örtüyü torpaqdandır. (Hal-hazırda işğal altındadır).
Bu abidələr tarixin keçmiş güzgüsü, gələcəyin isə elmi mənbəyidir. Hər bir Azərbaycan vətəndaşı öz gələcəyini düşünürsə keçmişini qorumalı olduğu tarixini lazımınca dərk etməli, öz tarixi keçmişinə sahib durmalıdr. Məqsədimiz tarix və mədəniyyət abidələrinə olan xalq məhəbbətini dahada gücləndirmək, onları bütün bəşəriyyətin mənəvi sərvəti kimi qoruyub saxlamaqdır.