Tarixi dəyərimiz-Göyəzən qalası
Qədim yaşayış məntəqəsi hesab olunan Qazax təbii-coğrafi şərait və strateji mövqe baxımından çox əlverişli ərazidə, ulu Oğuz təpələrindən baş alıb gedən Ağstafa (Oğuztəpə) çayının sağ-solunda yerləşir. Hər cəhətdən tarixə öz möhrünü vurmuş, Azərbaycanın qərb qapısı sayılan Qazax rayonu tarix və mədəniyyət abidələri baxımından çox zəngindir. Bu abidələrin hər biri təbii quruluşu, insanlara gərək olması və haqqında düzülüb-qoşulmuş əfsanə, rəvayət və nağıllarla tanınır, yaşayır, öz ömrünü uzadır. Bu ərazidəki təbiət abidələrindən ən məşhur, maraqlı və ecazkarı rayonun Abbasbəyli kəndində yerləşən Göyəzən dağıdır.
Göyəzən dağı “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində ən böyük tarixə malik olan abidələrdən biridir. Qazax rayonunda öz hündürlüyü, əsrarəngiz gözəlliyi, füzünkarlığı insanı heyran edən Göyəzən dağı Ağstafa çayının qolu olan Coğaz çayının sol sahilində yerləşən vulkanik mənşəli dağdır. Heç bir dağa, təpəyə bitişik deyil, təkdir. Zirvəsi nisbətən yastıdır, kiçik meydançanı xatırladır.
Göyəzən dağı təbaşir dövründə püskürmüş, vulkanın yerində əmələ gəlmiş dağdır. O zaman hirslə püskürən və nə vaxtsa səngiyib öləziyən vulkan daşlaşıb nəhəng Göyəzən dağını yaratmışdır. Göyəzən dağının yer səthindən nisbi hündürlüyü 250 m, dəniz səviyyəsindən hündürlüyü 900 m-ə yaxındır. Qazax şəhərindən 20 kilometr soldadır. Əsrlər və qərinələr boyu təbiətin cənginə məruz qalaraq xeyli qıvraqlaşmış, balacalaşmışdır.
Dağın adı daha doğrusu adının açması barədə mühazirə və yozmalar çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kındi mənaları daşıdığını söyləyirlər. Bəziləri isə “Kuy əzən” kimi izah edirlər. Şairlərin, yazıçıların fikrincə isə dağım adı “Göy dələn”, “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir. Göyəzən qərbdə Günən dağından (yeri gəlmişkən “Günən” qədim türk dilində “gün enən”, “gün batan” deməkdir) şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir.
Göyəzən həqiqətən göyə ucalan, göyü dələn, nəhayət ki, əzəmətli, vüqarlı bir dağdır. Göyəzən dağının ətəklərində bir çox qalalar, hörgülər, tikililər və yataq yerləri tikilmişdir. Həmin tikililərin qalıqları indi də mövcuddur. Dağın bir tərəfindən başdan-başa hasar çəkilmişdir. Burada orta əsrlərə aid yeddibürclü qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dağın cənub-qərbində, qayalar arasında , çıxılması mümkün olmayan yerə böyük bir mağara vardır. Onun yolu məlum deyildir. Dağın ətəyində köhnə qəbirstanlıq və dəyirman yeri vardır. IX-XII yüzilliklərə aid edilən qədim tikili öz möhtəşəmliyi ilə buranın bir qala-şəhər olduğunu söyləməyə imkan verir. Göyəzən dağında yerləşən tarixi abidələrdən biri Göyəzən qalasıdır.
Göyəzən dağında erkən orta əsrlərdə Alban xristian məbədi yerləşirdi. Onun qalıqları indi də qalmaqdadır. Daha sonra Qaraqoyunlu hökmdarı Yaqub xanın (1478-1490) sərkərdəsi Xəlil bəy 1488-ci ildə Göyəzəndə qala tikdirmişdir. ( Qazaxlı alim etnoqraf Şota Salehin Qazax Ağstafa elləri kitabı səh 46.) demək belə qənaətə gəlinir ki, dağın şimal gövdəsindəki divarlar elə həmin qalanın dövrümüzə gəlib çatmış qalıqlarıdır. Göyəzən qalası yerli əhəmiyyətli tarixi memarlıq abidəsidir. XIV əsrə aid edilir.
Göyəzən dağı ətrafında digər tarixi abidə isə Yaşayış yeri adlanan ərazidir. Abbasbəyli kəndindən 400 m.aralı kiçik təpədə yerləşir. Bu əraziyə el arasında Tağarbəyli deyirlər. burada ilkin orta əsrlərdə yaşayış olmuşdur. Ərazinin yaxınlığında üzərində günəşə bənzər simvol olan köhnə qəbir daşları, daşdan yonulmuş at fiquru və yerli insanlar tərəfindən sayılan pir də var. Arxeoloji qazıntılar zamanı ilk orta əsrlərə aid olub.
Qoruğumuzun əməkdaşları tərəfindən dağın ətrafında aşkarv edilmiş üstü naxışlı qəbir daşı onun ətrafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbirstanlıq olduğunu sübüt edir. Bu qəbir daşənən dövrünü və mənsubiyyətini müəyyən etmək üçün “Avey” qoruğunun və AMEA-nın Memarlıq və İncəsənət İnstitunun mütəxəssisləri birlikdə tədqiqat aparmışlar və üzərində xaç və ornamentlər həkk olunmuş bu məzar daşının Qafqaz Albaniyası dövrünə aid olduğu qənaətinə gəlinmişdir. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Ay ilahəsi “Humay” məhəbbət, bərəkət, sağlamlıq rəmzidir. Bu rəmz vaxtilə Babilistanda, Aşurda, Azərbaycanda geniş yayəlməşdır. Humay adına ilk dəfə Gültəkin abidəsində də rast gəlinmişdir. Məzar daşı XII-XV əsrlərə aid edilir.
Qəbirüstü daşın VII-VIII əsrlərdə inşa olunmuş möhtəşəm Avey alban məbədinə bilavasitə yaxın olan bu ərazidə tapılmnası, onun məhz ilk orta əsrlər dövrünə məxsus Alban qəbrinə aid olduğunu söyləməyə daha çox əsas verir. Qafqaz Albaniyasına məxsusluğu heç bir şübhə doğurmayan bu daşın təbii kompozisiyaları kilsənin giriş qapılarının sütünlarında olması da güman edilir. Üzərindəki xaçən alban xaçı olması heç bir şübhə doğurmur. Naxışlar isə gözəllikdə və zəriflikdə xalça ilmələrini xatırladır.
Hal-hazırda qoruğ ərazisində yerləşən qəbir daşını aşınmalardan , kənar təsirlərdən qorumaq məqsədi ilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.
Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər hansısa ərazidə qəbristanlıq varsa orada yaşayış məskəni də olub. “ Göyəzən” dağının ərazisi də qədim yaşayış məskəni olmuşdur.