“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Bizim.Media-nın gözü ilə “Avey dağı möcüzəsi – Damcılı”

Avey dağı möcüzəsi – Damcılı

İsti yay aylarında hər kəs dincəlmək üçün gəzməli, görməli, sərin, gözəlliyi ilə könülləri oxşayan istirahət guşələrinə üz tutur. Azərbaycanın qərb bölgəsi də belə məkanlarla zəngindir. Bölgənin ilin dörd fəslində də gəzib-görməli, sirli keçmişi olan saysız-hesabsız tarixi məkanlarından biri də Qazaxda yerləşən qədim daş dövrünə aid məşhur Damcılı bulağı və onun ətrafındakı qədim yaşayış məskəni olan yüzlərlə mağaradır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Qazaxda yerləşən “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı buranın yaşının bizim eradan əvvəl  olduğu müəyyənləşib. Bunu təkcə bizim alimlər deyil, ərazidə arxeoloji qazıntı işlərinə cəlb olunan xarici arxeoloqlar da təsdiq edib.

Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında, Avey dağının ətəyində yerləşir. Ərazidə ilkin arxeoloji tədqiqatlar 1953-cü ildə aparılmışdır. 

Damcılı mağarasındakı sonrakı araşdırmalar zamanı bir neçə ardıcıl stereoqrafik təbəqələr aşkar olunub. Bu son meziolit dövrü, erkən neolit dövrü və və umimiyyətlə neolitin bir neçə mərhələsidir. Artıq tam təsdiq olundu ki, son meziolit dövrü eramızdan əvvəl 6000-6500 ilə təsadüf edir. Bu çox maraqlı və vacib nəticə idi. Çünki Azərbaycanda meziolit dövrü ilə əlaqəli olan abidələr azdır. Bircə Qobustan və burda Damcılı mağarasında meziolit təbəqəsi tapılıb. Bu nəticə Cənubi Qafqazda neolitləşmə prosesinin nə zaman başladığını deməyə imkan verir.

Damcılı qədim və sirli tarixi ilə bərabər həm də füsünkar təbiəti ilə də insanları bura cəlb edir. Damcili bulağı qayalardan süzülən və xüsusi gözəlliyə malik olan bir incidir. Bura gələn insanlar həm bulağı saf suyundan içir, həm də sərinlikdə istirahət edirlər.

“Axıb gəlsin hər qapıya Damcılının bulağı, cərgə-cərgə qatar vursun üzüm bağı, nar bağı” misralarının müəllifi olan xalq şairi Səməd Vurğun Damcılı bulağını əbəs yerə dünyanın möcüzələrindən biri adlandırmayıb. Mağara Avey dağının ətəyində, rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Qayaların içərisində olan bu məkan rayona gələn turistlərin ən çox səfər etdiyi yerlərdən biridir. Təbiətin bu möcüzəli qoynuna gələn qonaqlar və turistlər ən qızmar havalar da belə bu məkanın çox rahat və dincəlmək, istirahət etmək üçün uyğun olduğunu söyləyirlər.

Əslən bu bölgədən olanlar isə harada yaşamaqlarından asılı olmayaraq Damcılı bulağına gəlməyi, onun suyundan dadmağı sanki özlərinə bir borc bilirlər. 1954-55-ci illərdən Damcılı bulağına tez tez gəldiyini deyən, əslən Qazax rayonundan olan, Bakıda yaşayan ziyalı alim Rövşən Babanlı bildirir ki, hər dəfə rayona gələndə mütləq bu bulağa gəlir:
“Azərbaycanın həddindən artıq səfalı guşələri var. Damcılı da onlardan biri və mənim üçün birincisidir. Damcılı Göyəzən kimi, Vaqif kimi, Səməd Vurğun kimi, Fərrux ağa Qayıbov kimi, İsmayıl Şıxlı kimi Qazaxın simvollarından biridir. Bunun tarixi çox uzaqlara gedir. Qazaxa gedəsən, Damcılıda olmayasan elə bil sən Qazaxa getməmisən. Sən Azərbaycanın qərbinə getməmisən” deyə R. Babanlı Əlavə edib.

Professor Valeh Nəsibov da imkan düşən kimi Damcılıya gəldiyini, buranın havasından, gözəlliyindən həzz aldığını deyir:

“Uşaq vaxtı bura gələndə hansı duyğuları hiss edirdimsə indi o cür həyəcanlanıram. Damcılı bir başqa yerdir. Dostlarımla, qohumlarımla, Qazaxa gələn bütün qonaqlarımla mütləq bu tarixi məkana gəlirik. Burada qayalardan damcı-damcı süzülərək tökülən su bir möcüzədir. Gələnləri heyran edir. Damcılı bir başqa aləmdir. Şair də yaxşı deyib:

Damcılı nəğməli sözdü sinəmdə

Nəmər alıb kimki Dolboz minəndə

Qarabağda Molla Pənah deyəndə

Daşında gül-çiçək bitirib Qazax.”

İlin 4 fəslində gözəlliyini saxlayan Damcılıya yay mövsümündə minlərlə insan üz tutur. “Avey” Dövlət Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyevanın sözlərinə görə, ərazidə çoxlu sayda tarixi abidələr və hər kəsin marağına səbəb ola biləcək mağaralar, məbədlər var:

“2015-ci ilin yayında Yaponiyanın Tokio Unversitetinin Unversitet Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu arasında beynəlxalq memorandum imzalandı. Bu sənədə əsasən 2016-ci ildən 2023-cü ilə qədər hər il beynəlxalq ekspedisiyalar burada arxioloji qazıntılar aparıblar. Bu araşdırmalar Damcılı mağarasını həm dünya miqyasında, həm də Azərbaycanda bir daha tanıtdı. Arxioloji qazıntılarla maraqlanan tələbələri, məktəbliləri, tarixçiləri biz bu dövrdə turist kimi cəlb etdik və təbii ki, bu da regionumuzda arxioloji turizmin inkişafına xidmət etdi. Onlar burada gedən prosesləri öz gözləri ilə gördülər və bəzi hallarda arxioloji qazıntılarda iştirak etdilər. Arxioloji qazıntılar zamanı əldə edilən eksponatlar qonaqlara sərgi kimi nümayiş olundu” deyə “Avey” Dövlət Mədəniyyət Qoruğunun direktoru əlavə etdi.

Direktor onu da bidirdi ki, tarixi abidələrlə zəngin qoruğun ərazisində gələcəkdə turist turlarının təşkili nəzərdə tutulur. Bununla da Damciliya gəzməyə gələn hər kəsin Avey dağı ərazisində olan bu gözəllikləri, mağaraları öz gözləri ilə görmək imkanı olacaq. Bu da öz növbəsində regionda turizmin inkişafına xidmət edəcək.

 

https://bizim.media/az/cemiyyet/202513/avey-dagi-mocuzesi-damcili-fotovdeo/https://bizim.media/az/cemiyyet/202513/avey-dagi-mocuzesi-damcili-fotovdeo/https://bizim.media/az/cemiyyet/202513/avey-dagi-mocuzesi-damcili-fotovdeo/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2wbmSGfb-eVkbXyABr2IQWssGBdCArdrQj1hV_0DegIB38w5gkcxQA8n4_aem_oQCDTsgbWtVlUM_GdasksQ#:~:text=Avey%20da%C4%9F%C4%B1-,m%C3%B6c%C3%BCz%C9%99si,-%2D%20Damc%C4%B1l%C4%B1%20%2D%20FOTO

 

Bizim.Media-nın gözü ilə “Avey dağı möcüzəsi – Damcılı”
Spread the love