Qazaxın tarixi, Tarixin Qazaxı: Arxeoloji abidələrimiz
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun
kiçik elmi işçisi Nağdalıyeva Tehran
Arxeologiya-tarix elminin bir hissəsi olub, bəşər cəmiyyətinin tarixini arxeoloji mənbələr əsasında özünə məxsus xüsusi metodlarla öyrənir. Adətən insan cəmiyyətinin keçmişini, onun iqtisadi, ictimai və mənəvi həyatını araşdırır.
Arxeologiya əşyavi (maddi) mənbələri, yəni insan əli ilə yaradılmış hər nə varsa onların qalıqlarını öyrənir. Bir çox hallarda arxeoloq yazılı materiallardan və yerüstü tarixi abidələrdən də istifada edir.
Arxeoloji abidələr və qədim əşyalar tarixi inkişaf prosesini dərk etmək üçün əsas vasitədir.
Arxeoloji materialllar bəşər tarixinin uzun bir dövrünü öyrənmək üçün çox mühüm və həm də inkar edilməz mənbələrdir. Ona görə də bu abidələrin qeydə alınması və mühavizəsi qarşısında duran ən vacib məsələdir.
Qazax rayonu ərazisində olan zəngin maddi mədəniyyət abidələrinin arxeoloji cəhətdən öyrənilməsi 1956-cı ildən etibarən müntəzəm olaraq həyata keçirilməktədir
Arxeoloqlar ibtidai insan məskənləri olan mağaraları, qədim ibadətgahları, qayalar üzərində cızma üsulu ilə və ya ox ilə işlənmiş təsvirləri tədqiq edərkən qiymətli məlumat toplayırlar. Bu təsvirlər daş dövründən başlayaraq müxtəlif vaxtlarda insanlar tərəfindən həkk edilmişdir.
Arxeoloji qazıntılar təkcə əşyavi materiallar deyil həmçinin tədqiq olunan abidənin daha bir çox cəhətlərini öyrənməyə imkan verir.
Qazax rayonununda yerləşən Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisi bir çox qədim yaşayış yerləri ilə zəngindir. Bunlardan Abbasbəyli kəndindən 400 m aralı kiçik təpədə yerləşən yaşayış yerini misal çəkmək olar, bu əraziyə el arasında Tağarbəyli də deyilir. Ərazinin yaxınlığında üzərində günəşə bənzər simvol olan köhnə qəbir daşları, insanlar tərəfindən müqəddəs sayılan pir də var. Yaşayış yeri olan bu ərazi yerli əhəmiyyətli və arxeoloji abidədir.
Qoruğun Damcılı filialında da bir çox qədim yaşayış yerləri vardır. Bunlardan Son tunç dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə olan Börgün ağzı yaşayış yeri Daş Salahlıdan Əli Bayramlıya gedən torpaq yolun 500 metr qərbində yerləşir. Ərazisinin 0,5 hektara qədəri düz meydança şəklindədir. Cənub tərəfi dikdir. Ən yuxarı hissəsində yaşayış yerini əhatə edən iri daşlardan hörülmüş hasar qalığı vardır. Bu hasar qalığı təxminən 1 metr hündürlüyündə şərq-qərb istiqamətində uzanır. Abidənin ərazisində arxeoloji qazıntı işləri 1961-ci ildə S.N.Rüstəmov və İ.N.Nərimanov tərəfindən aparılmışdır. Yaşayış yerində aparılan axtarış nəticəsində boz və qırmızı rəngli, üzəri boyalı gil qab qırıqları, dəvəgözü daşından ox ucları, qəlpələr və sümük qırıqları aşkar edilmişdir. Yerüstü tapıntılar əsasən yaşayış yerinin cənub tərəfində, daş hasar olan ərazidə edilmişdir. Onlar əsasən ox ucları obsıdan parçaları, gil qab qırıntılarından ibarətdir.
Yataq yeri yaşayış məskəni 1963-cü ildə aşkar olunmuşdur. Yaşayış yeri rayonun I və II–Şıxlı kəndləri arasındakı Acı dərənin şimal üzündə yerləşir. Bu yerə aid sahə dağətəyi maili düzənliklə Kür çayının üçüncü terrasının qovuşduğu yerə düşür. Yağışlar zamanı torpağın yuyulması və aşınması nəticəsində həmin ərazidə çaxmaq daş, dəvəgözü və gil qab nümunələri üzə çıxmışdır. Deməli bu yaşayış yeri çox təbəqəli həm də çoxdövrlü olmuşdur. Tapılmış materialların çox cəhətli təhlili göstərir ki, burada eneolit, mezolit və son paleolit dövründə də yaşayış olmuşdur.
Antik dövr və ilk orta əsrlərə aid Xalxal şəhəri yaşayış məskəni Daş Salahlı kəndi Avey dağında Şiş qayanın ətrafında yerləşir. Şəhərin bir hissəsi isə Coğaz çayının vadisindən Əskipara kəndinə qədər uzanır. Çünki, mütəxəsisslərin bəzisi Xalxal şəhərini Yuxarı Əskiparanın yerində, bəzisi isə Qızıl qaya ətraflarında olduğunu iddia edir. Dövrünün ən inkişaf etmiş şəhəri olmuşdur. Ehtimallara görə Alban çarlığının iqamətgahı və Albaniyanın paytaxtı olmuşdur. Avey dağı ətrafı, Şiş qaya və Qızıl qayanın yaxınlığında qədim şəhər yeri və alban qəbristanlığı aşkar edilmişdir.
1982-ci ildə aşkar olunmuş Boz təpə yaşayış yeri Tunc-İlk dəmir dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndindən 1 km şərqdə yerləşir. Sahəsi 0,5 hektardır. Üzərində dövrünü əks etdirən xeyli sayda gil qab fraqmentləri, daş nümunələri, sümük fraqmentləri tapılmışdır. Sümüklərin dərin yanma və his izlərinə rast gəlinir.
Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidələrdən biridə 1989-cu ildən aşkar olunmuş Daşlı çökək yaşayış yeridir. Daş Salahlı kəndində, “Daşlı çökək” ərazisindədir.
Qanlı təpə yaşayış yeri isə Enolit və son tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndindən 800 m şimalda yerləşir. Uzun müddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4m-dir. Qazıntı zamanı saxsı və çaxmaqdaşından hazırlanmış maddi mədəniyyət nümunələri tapılmışdır.
Göl yeri yaşayış məskəni ölkə əhəmiyyətli, arxeoloji abidədir. Daş Salahlı və Qazaxbəyli kəndinin arasında yerləşir. Tarixi Son tunc, Dəmir dövrünə aid edilir.
Rza Çal yaşayış yeri ölkə əhəmiyyətli arxeoloji abidədir. Daş Salahlı kəndində yerləşir. Rza Çal adlanan bu abidənin yerində tunc və sonrakı dövrlərə aid yaşayış izlərinin olduğu elmi faktlar əsasında qeydə alınmışdır. Buradan bir çox gil qablar tapılmışdır ki, bu da qədim insanların yaşayış tərzindən, burada necə məskunlaşmalarından xəbər verir. Rza Çal daşlı zirvənin şimal-şərq tərəfindəki boyunda olan tunc dövrü qəbristanlığı bütövlükdə qoruğun ərazisidir. Burada əldə olunan boz rəngli gil qablar öz formasına və məzmununa görə XII-XI əsrə aid olunan qablar hesab olunur.
Avey qoruğunun ərazisi arxeoloji abidələrlə zəngindir. Keçmişimizin zəngin xəzinəsi olan bu abidələrin tədqiqi və təbliği sahəsində qoruğun əməkdaşları mütəmadi işlər görürlər.
İndiki nəsil üçün əvəzsiz yadigarlar olan arxeoloji abidələr, keçmişin mənzərəsini gözümüz önündə canlandırmaqla, müasir dövrü və bütövlükdə gələcəyi anlamaqda əvəzsizdir.
Heçdə təsadüfi deyildir ki, bu mənəvi sərvətlər ölkəmizdə həssaslıqla qorunur, qeydə alınır və tədqiq edilir.