Avey Dağında Arxeoloji Tədqiqatlar və Beynəlxalq Əməkdaşlığın nəticələri ilə bağlı kitab nəşr olunub.
2015-ci ilin yayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin tanınmış daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi altında böyük bir arxeoloq və tədqiqatçı heyəti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə dəvət olunmuşdur. Bu heyətin əsas məqsədi Qazax rayonunda, Avey dağının ətəklərində yerləşən Damcılı mağarası və onun ətrafında aparılacaq kəşfiyyat xarakterli arxeoloji tədqiqatlara dair ilkin axtarışlar aparmaq olmuşdur. Bir həftəlik araşdırmalardan sonra qoruq ərazisində dünya əhəmiyyətli arxeoloji irsin tədqiqinə dair üçtərəfli beynəlxalq əməkdaşlıq memorandumunun imzalanması qərara alınmışdır.
Bu memorandum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Yaponiyanən Tokio Universitetinin Universitet Muzeyi arasında imzalanmışdır. Memorandum çərçivəsində 2016–2023-cü illər ərzində yapon və azərbaycanlı arxeoloqlardan ibarət birgə tədqiqat qrupu Avey dağında və xüsusilə Damcılı mağarasında genişmiqyaslı arxeoloji qazıntı işləri aparmışdır.
Damcılı mağarasında aparılmış qazıntılar nəticəsində paleolit dövründən başlayan uzun bir müddət ərzində bəşəriyyətin mədəni və texnoloji inkişafını əks etdirən mühüm maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tədqiqatların nəticələri əsasında İngiltərədə Oxbow Books nəşriyyatında çap olunan “Damcılı Mağarası. Cənubi Qafqazda Son Pleystosendən Holosen Dövrünədək Bəşəriyyətin Tarixinin Tədqiqi” (Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus) adlı kitab Yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun həm müəllifliyi ilə nəşr edilmişdir. Kitabda qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, tədqiqatın metodikası və nəticələri ətraflı şəkildə təqdim olunmuşdur.
Bu uğurlu beynəlxalq əməkdaşlığın həyata keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, AMEA Arxeologiya və Antropolgiya İnstitutunun rəhbərliyinə, xüsusən institutun direktoru dr. Fərhad Quliyevə, habelə professor Yoşihiro Nişiaki, arxeoloqlar Mansur Mansurov, Azad Zeynalov, Yaqub Məmmədov, Şahin Səlimbəyov, Ülviyyə Bayramova və Orxan Zamanov, eləcə də bu tədqiqatlarda əməyi keçən bütün tədqiqatçılara dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Onların fədakarlığı sayəsində Avey dağındakı arxeoloji irsin tədqiqi və qorunması yolunda mühüm nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda, Avey dağında-Damcılı mağara düşərgəsi, Daş Salahlı mağarası və Azərbaycan arxeologiyasında dəyərli irs qoymuş Məmmədəli Hüseynovun xatirəsini dərin hörmətlə yad edirik. Onun elmi töhfələri bu ərazidə aparılan tədqiqatlara əhəmiyyətli əsas yaratmışdır.
Avey Dağında Arxeoloji Tədqiqatlar və Beynəlxalq Əməkdaşlığın nəticələri ilə bağlı kitab nəşr olunub