AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan elmi-tədqiqat işləri hazırda qoruğun “Göyəzən” filialı ərazisində davam etdirilir. Tədqiqat çərçivəsində arxeoloqlar tərəfindən seçilən və şərti olaraq “Göyəzən-1” adlandırılan kurqan abidəsində maraqlı dəfn adəti müşahidə olunur. İlkin mülahizələrə əsasən, burada iki mərhələli dəfn həyata keçirilib. Birinci dəfn izlərinə, ikinci dəfn səviyyəsindən təxminən 70-80 sm yuxarıda rast gəlinib. İkinci dəfnin ətrafında isə müxtəlif saxsı qab nümunələri aşkar edilib.
Bu tapıntılar tədqiqatçılar üçün həmin dövrün dəfn adətləri, mədəni xüsusiyyətləri və sosial strukturu haqqında dəyərli məlumatlar təqdim edir.