Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” dövlət tarix-mədəniyyət qoruqları ərazisində silsilə ustad dərslər və elmi diskussiyalar təşkil olunub. Tədbirdə Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları da iştirak ediblər.
AZƏRTAC–ın bölgə müxbirinin məlumatına görə, “İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eyni zamanda Azərbaycanın Qərb bölgəsində yerləşən tarixi abidələrdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar” mövzusuna həsr olunmuş tədbirdə Pərviz Qasımov Ağdam rayonunda yerləşən Pənahəli xan saray kompleksi və Üzərliktəpə yaşayış məskənində aparılmış arxeoloji tədqiqatların nəticələrini iştirakçılarla bölüşüb. Müzakirələrdə material-mədəniyyət nümunələrinin tipləri, dəfn adətləri və bu tapıntıların Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından elmi əhəmiyyəti geniş şəkildə izah edilib.
Ermənistanın işğalı dövründə bölgənin mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcı fəaliyyətlərə xüsusi diqqət yönəldilib, abidələrə vurulmuş ziyanın miqyası və bu ziyanın elmi rekonstruksiya baxımından yaratdığı çətinliklər vurğulanıb.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında təşkil olunan dəyirmi masada “Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılar və bu qazıntılar nəticəsində üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin elmi təhlili” mövzusunda diskussiyalar aparılıb.
Sonra Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun Göyəzən filialı ərazisində açıq səma altında növbəti ustad dərs keçirilib.
Tədbirin yekununda “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda daha bir dəyirmi masa təşkil oluub. Bu müzakirələrdə xüsusilə Damcılı mağarası, Daşsalahlı kurqanları və Göyəzən abidələrinin yerli və beynəlxalq elmi ictimaiyyət üçün strateji əhəmiyyəti vurğulanıb, bu abidələrin elmi tədqiqi və müasir metodlarla təbliği istiqamətində fikir mübadiləsi aparılıb.
https://azertag.az/xeber/kesikchidag_ve_avey_dovlet_tarix_medeniyyet_qoruqlari_erazisinde_elmi_diskussiyalar_teskil_olunub-3570023?fbclid=IwY2xjawKcJhtleHRuA2FlbQIxMQBicmlkETFTanM1ZU1wYWFxNTZYQ09YAR5lzYBn4MImD669eTBFZ5gLZvEQB17bkoQ_noRaj3TaKbRvB5_2kwcGKG1-xQ_aem_1q6Ro9BbSWj2aRQMSQXOQA






