Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mənəvi dəyərlərini yaşadan, yazın gəlişini və təbiətin oyanışını simvolizə edən el bayramıdır.
12 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Avey” və “Keşikçidağ” qoruqlarının birgə təşkilatçılığı ilə “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilmişdir. Tədbirin məqsədi qədim adət-ənənələrin qorunması, Novruz dəyərlərinin gənclərə çatdırılması və mədəni irsin təbliği olmuşdur.
Tədbirdə 380 nəfərdən artıq yerli icra nümayəndələri, gənclər təşkilatları, şəhid ailələri, qazilər və könüllülər iştirak etmişdir. Proqram milli musiqi sədaları, Kosa və Keçəlin iştirakı, həmçinin bəzədilmiş atların təqdimatı ilə başlamışdır. Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirəsi yad olunmuşdur.
Bayram çərçivəsində alaçıq qurularaq köçəri həyat tərzi nümayiş etdirilmiş, xalça və qədim məişət nümunələri sərgilənmişdir. Eyni zamanda xalq oyunları, bayatı və milli rəqslər təqdim olunmuş, qonaqlara ənənəvi şirniyyat süfrəsi açılmışdır.
Sonda “Dostluq bağı”nda badam tingləri əkilmişdir.
12 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Avey” və “Keşikçidağ” qoruqlarının birgə təşkilatçılığı ilə “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilmişdir
