Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə “Tarixi irsimizə səyahət” adlı açıq dərs təşkil edilib. Açıq dərsin keçirilməsində əsas məqsəd milli-mədəni irsimizin mühüm tərkib hissəsi olan tarix və mədəniyyət abidələrinin qorunmasının əhəmiyyətini şagirdlərə aşılamaq, onların tarixi irsimiz haqqında biliklərini artırmaq, milli-mənəvi dəyərlərə hörmət və ehtiram hissini gücləndirməkdir. Dərs zamanı şagirdlərə Qazax rayonunun qədim tarixi, ərazidə yerləşən tarix-mədəniyyət abidələri, onların tarixi əhəmiyyəti və mədəni irsimizin zənginliyi haqqında ətraflı məlumat verilib. Həmçinin abidələrin qorunması və mühafizəsi, onların gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb, mədəni irsimizin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu diqqətə çatdırılıb.
